Çimərliyi zibilləyən 1000 manat cərimə olunacaq - məbləğ necə müəyyən olunub?..
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı çimərliklərinə zibil atan, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəni gücləndirmək məqsədilə cərimələr tətbiq etməyə başlayıb.
Belə ki, qayda pozuntusu üzrə 1000 manat cərimə nəzərdə tutulub. Hətta qanun pozuntusu barədə nazirliyin “168” nömrəli qaynar xəttinə məlumat vermək də mümkündür.
Elxan Məmmədov: “Çimərliyə gedən vətəndaş yediyi qarpızı, içdiyi suyun butulkasını dəniz sahilinə atırsa o şəxs cərimələnməlidir”
Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, çimərliklərdə ekoloji təmizliklər bir qədər vətəndaş məsuliyyətindən asılıdır və bu tip mənzərə həm ekoloji baxımdan, həm də etik cəhətdən doğru deyil: “Çimərliklərə tullantılar, müxtəlif sellofan qablar, qarpız və digər yeyinti qalıqları hara gəldi atılır. Bu bir az da ictimai şüur və mədəniyyət məsələsidir. Çimərliyə gedən vətəndaş yediyi qarpızı, içdiyi suyun butulkasını dəniz sahilinə atırsa o şəxs cərimələnməlidir. Uzun illərdir televiziya və yazılı mətbuatda, sosial şəbəkədə çağırışlar olunur ki, insanlar əllərində olan zibili yerə, dəniz kənarına atmasınlar. Ancaq biz bu gün çimərliyə gedərkən görürük ki, insanlar istifadə etdikləri əşyanı, yediyi bütün nemətlərin qalığını sahilə atır. Bununla təbiəti zəhərləyirlər. Bunu edən şəxslər, təbii ki, cərimələnməlidir. Cərimənin məbləği şəxsin əraziyə verdiyi ziyanla ölçüləcək”.
Amin Məmmədov: “Cərimənin məbləği əraziyə dəymiş ziyanın miqdarından asılı olaraq dəyişir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov məsələ ilə bağlı bildirdi ki, cərimənin məbləği əraziyə dəymiş ziyanın miqdarından asılı olaraq dəyişir: "Yəni bu o demək deyil ki, kiçik bir zibil atan şəxs də 1000 manat cərimələnsin, bir maşın zibil boşaldan da 1000 manat cərimələnsin. Yazılan məbləğ maksimumdur".
Günel CƏLİLOVA