Paşinyan Bakıya rəsmən dəvət aldı - cəsarəti çatsa gələcək...
Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İrəvana dəvət göndərilib: "Dəvət qərarı hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.
Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir, xarici mediaya deyirəm. Bu məktubun hər iki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadığı bir vaxtda göndərilməsi Azərbaycanın xoşməramlı iradəsinin və inklüziv yanaşmasının göstəricisidir".
Maraqlıdır, Ermənistan Azərbaycanın COP29-da iştirak dəvətini qəbul edib, qlobal problemlərin həllində iştirak edəcəkmi?
Mətin Məmmədli: "Azərbaycanın Ermənistanı COP29 tədbirinə dəvət etməsi ölkəmizin sülhpərvər olmasından xəbər verir"
Siyasi şərhçi Mətin Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın Ermənistanı COP29 tədbirinə dəvət etməsi ölkəmizin sülhpərvər olmasından xəbər verir: " Bu dəvət Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istəyindən xəbər verir. Bu səbəbdən də hesab edirəm ki, Ermənistanın tədbirə dəvət edilməsi ölkəmizin regionda davamlı sülhdə maraqlı olması deməkdir. Ermənistanın məlum dəvətə necə reaksiya verəcəyi yaxın günlərdə bəlli olacaq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan maraqlıdır ki, bütün dövlətlər COP29-da iştirak etsin".
Həmsöhbətimiz onu da əlavə etdi ki, dünya dövlətlərinin COP29-da iştirakı ətraf mühitlə bağlı qlobal problemlərin həllinə ciddi töhfə verəcək.
Tural İsmayılov: "Azərbaycanın COP29-a Ermənistanı dəvət etməsi…"
Siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə şərhində ki, Azərbaycan Ermənistanla daim sülh mövqeyində olub: " Azərbaycanın əsas niyyəti qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan hökumətinin COP29-a dəvət olunması olduqca əhəmiyyətlidir. Bu dəvət ölkəmizin sülhpərvər olmasından xəbər verir. Nəzərə almaq lazımdır ki, COP29 beynəlxalq səviyyəli bir tədbirdir, dünyanı narahat edən məqamlarla bağlı çıxış yolu axtarılacaq. Belə bir tədbirdə iki ölkə arasındakı münasibətlər deyil, dövlətlərin qlobal problemlərə yanaşma meyarları əsas götürüləcək".
T.İsmayılov onu da əlavə etdi ki, Azərbaycanın COP29-a Ermənistanı dəvət etməsi ölkəmizin qüdrətindən xəbər verir.
Günel CƏLİLOVA