"Hesabatın məqsədi Fransanın qeyri-qanuni əməllərini üzə çıxarmaqdır" - İcraçı direktor
“Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın məqsədi Fransanın qeyri-qanuni əməllərini üzə çıxarmaqdır.
Trend xəbər verir ki, bu barədə bu gün Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.
O bildirib ki, bu hesabat BMT və digər beynəlxalq təşkilatlara təqdim olunacaq.
Qeyd edək ki, 140 səhifəyə yaxın Tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaky), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayotte (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir.
Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş Hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.