Qlobal Media Forumu çərçivəsində sonuncu panel müzakirələri keçirilib
Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində "İqlim hərəkatı və media" mövzusunda panel müzakirələri keçirilib.
Trend-in məlumatına görə, “Riqa TV24 və Radio Latviya”nın aparıcısı Ansis Boqustovsun moderatorluğu ilə keçirilən müzakirələrdə, “Arabian Gulf Business Insight” xəbər portalının baş redaktoru Francis Martin Kane, “Berliner Zeitung” qəzetinin icraçı direktoru Holqer Friedrix, BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu (COP29) Nigar Arpadarai, Enerji təhlükəsizliyi üzrə mütəxəssis (Böyük Britaniya) John Roberts iştirak edib.
Müzakirələrdə qeyd edilib ki, iqlim dəyişikliyi ciddi mövzudur. Jurnalist gərək bu məsələdə diqqətli olsun, maraqlar arasında tarazlığı nəzərə alsın və bəşəriyyətin marağını təmin etsin.
Bildirilib ki, ətraf mühit məsələlərini işıqlandıran jurnalistlərin geniş təcrübəsi olmalıdır. Media ətraf mühit məsələləri dərindən bilməli və insanlara düzgün çatdırmalıdır.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.