Bu gün Şuşada “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçiriləcək
Bu gün II Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçiriləcək. Təqdimat müəllif və Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov tərəfindən ediləcək.
140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaklar), Fransız Polineziyası (Maohi Nui), Sen-Martin, Sen-Bartelemi, Mayotta (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinika, Qvadelupa və Fransız Qvineyasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir. Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.
Xüsusi olaraq qeyd olunur ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olmuşdur. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.
Mətləb