Paşinyan Əliyevlə görüşdən qaçdı - Şolts niyə nikbindir?..
Təbriz Musayev: “Bu, o demək deyil ki, ilin sonuna qədər sülh sazişi imzalanacaq”
“2024-cü il Azərbaycan və Ermənistan üçün sülh ili ola bilər”. Bu sözləri Almaniya kansleri Olaf Şolts Londonda Avropa Siyasi Birliyinin 4-cü sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
O cümlədən, Şolts bunları qeyd edib: “Burada çoxlu başqa müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan prezidenti cənab Əliyevlə söhbət də mənim üçün önəmlidir. Bu il bu region üçün son dərəcə əhəmiyyətlidir. Tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, bu, sülh ilinə çevrilə bilər. Avropa bütövlükdə Azərbaycan və Ermənistanı sülhün bərqərar olması yolunda müşayiət edəcək ki, bu da uzun müddət davam edəcək və bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”.
Nəzərə alsaq ki, Böyük Britaniyada Şoltsun da qatıldığı tədbirdə Paşinyan Əliyevlə görüşməkdən imtina etdi, o zaman Almaniya kanslerinin bu nikbinliyinə əsas varmı?
Sözügedən məsələni şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, Şoltsun belə bir açıqlama ilə çıxış etməsi onun xoş niyyətindən irəli gəlir: “Bu, o demək deyil ki, ilin sonuna qədər sülh sazişi imzalanacaq. Sadəcə, Almaniya tərəfsiz dövlət olaraq sülh sazişinin imzalanmasında maraqlıdır. Almaniya Fransa və Rusiya kimi, münaqişədən öz məqsədləri üçün istifadə edən dövlət deyil. Hansı ki, 30 ilə yaxın ATƏT-in Minsk Qrupunun həmsədrləri bundan öz məqsədləri üçün sui-istifadə etdilər. Niyə? Ona görə ki, münaqişənin həll edilməməsi, ərazilərimizin işğal altında qalması həmsədrlərə, xüsusən də Fransa və Rusiyaya sərf edirdi. Almaniya isə Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır. Avropa İttifaqının iqtisadi lokomotivi olan Almaniya Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında körpü olduğunu, Azərbaycanın açar dövlət olduğunu bilir. Ona görə də rəsmi Berlin sülhün tezləşməsində maraqlıdır. Çünki Orta Asiya ölkələrində iqtisadi marağı olan dövlətlərdən biri də Almaniyadır. Ancaq Ermənistanın tutduğu pozucu mövqe onu göstərir ki, ilin sonuna qədər sülh sazişi olmayacaq. Sülhdə maraqlı olsaydılar, Oksfordda keçirilən tədbirdən Paşinyan istifadə edərdi. Yəni Prezident Əliyevlə görüşərdi. Üstəlik, erməni tərəfi açıq deyir ki, yaxın perspektivdə Konstitusiyadan Azərbaycana yönəlik ərazi iddialarını çıxarmaq mümkün deyil. Daha konkret desək Ermənistan bunda maraqlı deyil. Ona görə də bütün bunlar nikbin olmağa əsas vermir. Ermənistan hətta ilin sonuna qədər çərçivə müqaviləsi imzalamaqda maraqlı görünmür. Belə bir istəkləri olsaydı, ən azından Fransadan hücum silahları almazdılar”.
Vidadi ORDAHALLI