Şəhidlik zirvəsindən boylanan igid anıldı...
44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan Cəbrayıl Qasımovun mövlud günündə masallılılar şəhidin məzarını ziyarət edib üstünə təzə gül dəstələri düzüblər. Həmçinin söhbət zamanı bildirilib ki, torpaq şəhid qanı ilə Vətən olur. Cəbrayıl da bu müqəddəs yolda canını fəda edib. Məhz buna görə o, milyonların ürəyində özünə əbədi yurd-yuva qurmaqla qərinələr boyunca böyük ehtiramla xatırlanacaq.
Cəbrayıl Baloğlan oğlu Qasımov 1996-cı ildə Masallı rayonunun Ərəb kəndində dünyaya göz açıb. 2002-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub, 2013-cü ildə həmin məktəbi yüksək səviyyədə bitirib.
Orta təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ilin iyul ayında erməni dığalardan qisas almaq məqsədilə ordu sıralarına yola düşüb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissədə rabitəçi kimi keçirib. Vətəninə nümunəvi xidmət göstərməklə tanınıb, nüfuz qazanıb. 2016-cı ilin yanvar ayında ordudan üzüağ, alnıaçıq evinə qayıdıb. Bir müddət mülki işlərdə çalışsa da, düşməndən qisas alacağı günə həmişə hazır olub.
Vətən müharibəsi zamanı Cəbrayıl Qasımov əlinə silah alıb düşmənlə döyüşə girib. Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda sözün əsl mənasında yağıya qan qusdurub. Şəhidlik zirvəsinə ucalan gündə “Təki Vətən yaşasın” deyib son nəfəsinə qədər qəhrəmanlıq göstərib. Qalib şəhid 9 oktyabr 2020-ci il tarixində doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən diri qalaraq əbədi ömür qazanan Cəbrayıl Qasımov ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü