Əliyev dünyanın “neftə həssas nöqtələrinə” çoxbaşlı mesaj verdi...
Vüqar Bayramov: “Azərbaycan etibarlı təchizatçı olduğu üçün ölkəmizə xüsusi önəm verilir”
Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik:
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir”.
“Ümumilikdə, ölkəmiz 20-yə yaxın ölkəyə neft ixrac edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanın önəmi getdikcə artır: “Azərbaycan nefti, eləcə də mavi qazı regionda enerjiyə daha çox tələbatı olan ölkələrə ixrac olunur. Praktik olaraq Azərbaycan bununla regionun enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Xüsusən nəzərə almaq lazımdır ki, həm Azərbaycan mavi qazı, həm də xam nefti Avropa bazarına daxil olur. Son illər isə mavi qaz ixracında artımlar var. Avropaya ixrac edilən mavi qazın həcmi ilbəil artır. O cümlədən, növbəti ildə Avropaya qaz ixracı 20 milyard kubmetrə çatdırılacaq. Hazırda illik olaraq 12 milyard kubmetr qaz Avropa bazarına daxil olur. Eyniylə neftlə bağlı vəziyyət də oxşardır. Azərbaycan daha çox neftə ehtiyacı olan ölkələrə bu məhsulu satır. Bu da təbii ki, həmin ölkələrin enerji təhlükəsizliyinə töhvə baxımından çox önəmlidir. Bu konteksdən təbii ki, Azərbaycan regional təhlükəsizliyə töhvə verən ölkədir və növbəti illərdə də ölkəmizin bu yöndə əhəmiyyəti daha da artacaq. Həqiqətən də bəzi ölkələrdə neftə olan tələbatın böyük hissəsi Azərbaycan nefti hesabına təmin edilir. Ümumilikdə, Azərbaycan 20-yə yaxın ölkəyə neft ixrac edir. Azərbaycan etibarlı təchizatçı olduğu üçün ölkəmizə xüsusi önəm verilir. Ona görə də bir sıra ölkələr Azərbaycanla iqtisadi ticarət əlaqələrinə xüsusi önəm verir”.
Vidadi ORDAHALLI