Avropanın prezidenti vasitəçilərsiz Bakı-İrəvan dialoquna yeni münasibət göstərdi...
Tural İsmayılov: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel obyektiv reallığı ifadə edib”
Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli qarşılıqlı fəaliyyətin mümkün olduğunu görürük. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının kuluarlarında jurnalistlərə deyib.
"Son aylarda Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli qarşılıqlı fəaliyyətin mümkün olduğunu gördük. Bilirsiniz, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa imkan yaratmaq üçün Aİ-nin adından mümkün hər şeyi etməyə çalışdım", - o deyib.
Aİ prezidenti açıq şəkildə etiraf edir ki, Ermənistanla Azərbaycan vasitəçilər olmadan da bir- biri ilə dil tapa bilir. O, ikitərəfli danışıqlar formatını dəstəkləyib.
“...İki ölkə arasında istər delimitasiya, istərsə də sülh məsələsi ilə bağlı bir çox irəliləyişlər məhz vasitəçilərsiz əldə edilib”
Məsələni şərh edən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel obyektiv reallığı ifadə edib. Əslində, Avropa İttifaqı Şurasının fəal moderatorluğu altında keçirilən görüşlərdə, Brüssel formatlarında müəyyən uğurlar əldə edilmişdi. Amma Azərbaycanla Ermənistan arasındakı bu uğurlu formatı sobataj edən qüvvələrin başında, əlbəttə ki, birmənalı şəkildə Avropa İttifaqının üzvü olan Fransa dayanırdı. Məhz Fransanın təxribatçı, sobatajçı və qəbuledilməz mövqelərinin nəticəsində iki ölkə arasındakı Brüssel formatı fiaskoya uğramışdı. Ondan sonrakı dövrlərdə isə Azərbaycanla Ermənistan heç kimin yardımı və moderatorluğu olmadan qarşılıqlı şəkildə ünsiyyət qura bilirlər. Elə iki ölkə arasında istər delimitasiya, istərsə də sülh məsələsi ilə bağlı bir çox irəliləyişlər məhz vasitəçilərsiz əldə edilib ”-deyə bildirdi.
T.İsmayılovun sözlərinə görə, vasitəçilər olmadan da iki ölkə aralarındakı münasibətlərdə bir xeyli irəliləyiş edə bilirlər: “Məhz Şarl Mişel də bu məqamı görərək bunu vurğulayıb. Hesab edirəm ki, bir çox Qərb siyaəstçiləri Şarl Mişeldən dərs ala bilərlər. Çünki o, doğrudan da Azərbaycanla Ermənistan arasında fərq qoymamağa və ənənəvi xristian təəssübkeçliyindən çıxış edən Avropa siyasətçilərinin birmənalı olaraq Ermənistanı dəstəkləmək kimi yanlışından kənar durmağa çalışır. Bu baxımdan da, fikrimcə, Azərbaycanla Ermənistan arasında doğrudan da təkbətək görüşləri təşviq etmək lazımdır. Çünki iki ölkə arasında sülhdən və bu sülh prosesinə dəstək olmaqdan söhbət gedirsə, vasitəçilərsiz, üçüncü tərəfin moderatorluğu olmadan danışıqları dəstəkləmək lazımdır”-deyə T.İsmayılov vurğuladı.
İradə SARIYEVA