Bakının neçə milyonluq smart dayanacaqları "gözdağına" çevrilib...
Bakı şəhərinin müxtəlif ərazilərində son illərdə smart dayanacaqlar quraşdırılıb. Bu dayanacaqlar müasir texnologiyalarla təchiz olunub və sərnişinlərə bir sıra üstünlüklər təqdim edir. Bəzi dayanacaqlarda sərnişinlər üçün pulsuz Wi-Fi xidməti təmin edilir.
Təhlükəsizliyi təmin etmək üçün dayanacaqlarda nəzarət kameraları quraşdırılıb. Hətta sərnişinlərin mobil cihazlarını şarj edə bilmələri üçün USB şarj nöqtələri mövcuddur. Bəzi smart dayanacaqlar qışda isitmə, yayda isə soyutma sistemləri ilə təchiz olunur. Lakin quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxıb. Hazırda yay fəsli olmasına baxmayaraq, dayanacaqların çoxunda kondisonerlər işləmir. Bu isə qızmar havalarda sərnişinlərin işini çətinləşdirir.
AYNA: “Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq”
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Bakı-Xəbər”ə bildirildi ki, AYNA tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır. Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq.
Fərid Həşimov: “Smart dayanacaqlarda quraşdırılan kondisionerlər işləmir, bunun da səbəbi…”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Smart avtobus dayanacaqlarının bir sıra üstünlükləri var. Dayanacaq pavilyonunda isitmə və sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılmışdı: “Smart dayanacaqlarla bağlı kifayət qədər problem var. Yay mövsümündə bu dayanacaqlarda sərinləndirici sistemlər, eləcə də məlumat monitorları işlək vəziyyətdə olmalı idi. Ancaq bu gün bunun əksini görürük. Smart dayanacaqlarda quraşdırılan kondisionerlər işləmir. Bunun səbəbi həmin dayanacaqların fəaliyyəti ilə məşğul olan şirkətlərin bu işi ciddiyə almaması ilə bağlıdır. Bu işləri həyata keçirmək üçün təcrübəli mütəxəssislərə ciddi ehtiyac var. Smart dayanacaqların quraşdırılması nəqliyyat sektorunun spesifik sahəsi olduğu üçün informasiya texnologiyaları üzrə ixtisaslaşmış mütəxəssislər üçün ştatlar yaradılmalıdır”.
Günel CƏLİLOVA