Universitet məzunlarına diplomlar fərqli vaxtlarda verilir - niyə...
Kamran Əsədov: “Universitetlər texniki işi vaxtında yekunlaşdırmalıdır ki, tələbə diplomu vaxtında ala bilsin”
Ali təhsilli gənclər iş həyatına başlamaq üçün diploma sahib olmalıdır. Bu, görünüş xətrinə olsa da, hər halda diplom mütləqdir. Lakin adətən bizdə ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarına qovuşmaq üçün aylarla gözləməli, dəfələrlə universitetlərin yollarında ayaq döyməli olurlar. Demək olar ki, əksəriyyət diplomunu vaxtında ala bilmir. Hətta bəzən proses bir il müddətinə qədər uzanır.
Bəs ali məktəblər diplomu nə üçün gec təqdim edir? Əslində bu proses necə olmalıdır?
“Diplomun gec verilməsinin səbəblərindən biri də onun içərisini yazan şəxsin, xəttatın bu işi zəif, gec yerinə yetirməsi ilə bağlıdır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisələrində isə 60 min tələbə təhsil alır. Ali və orta ixtisas təhsili müəssisələrini bitirmə haqqında diplom verilməsi haqqında qayda var. Həmin qaydaya əsasən, 10 iş günü ərzində bakalavr, subbakalavr və magistrlar təhsili başa vurduqdan 10 gün sonra onlara dövlət nümunəli doplom verilməlidir: “Qanunvericiliyin tələbinə əsasən, tələbə təhsili başa vurduqdan 10 gün sonra diplomunu almalıdır. Bakı Ali Neft Məktəbi istisna olmaqla, digər təhsil ocaqları ən yaxşı halda diplomu noyabr ayında verir. Bunun da bir neçə səbəbi var. Bunlardan biri əmrləşmənin gec olması ilə bağlıdır. Universitetlər texniki işi vaxtında yekunlaşdırmalıdır ki, tələbə diplomu vaxtında ala bilsin. Həmçinin, tələbələrin akademik və iqtisadi borclarının olması diplom işinin gec verilməsinə səbəb ola bilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, diplomların xəttatlar tərəfindən yazılması bu işi yubadır. Hər təhsil müəssisəsinin öz xəttatı olur. Diplomun gec verilməsinin səbəblərindən biri də onun içərisini yazan şəxsin, xəttatın bu işi zəif, gec yerinə yetirməsi ilə bağlıdır.
Günel CƏLİLOVA