Bakıda elektromobillər çoxalır, "zapravka" yerləri çatışmır...
Niyazi Əliyev: “Bölgələrdə isə ancaq iri şəhərlərdə enerjidoldurma məntəqələri fəaliyyət göstərir”
Bu gün ölkəmizdə ekoloji təmiz maşınlardan istifadəni artırmaq üçün müxtəlif stimullaşdırıcı addımlar atılır. Hökumət avtomobil parkındakı durumu yaxşılaşdırmağı qarşıya məqsəd qoyub. Bu fonda elektromobillərə və hibrid avtomobillərə üstünlük verilir. Çünki benzin və dizel də ətraf mühitə çox ziyan vurur.
Elə bu səbəbdən də bu tip nəqliyyat vasitələrinin idxalı artır. Lakin elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymətlərinin azaldılması deyil, əlverişli infrastrukturun yaradılması da vacib məsələdir. Yəni elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri anbarları olmalı, onlara keyfiyyətli servis xidməti göstərilməlidir. Azərbaycanda isə elektromobillərin şarj olunması üçün məntəqələrin sayı yetərincə deyil.
“Elektromobillərin sayı artdıqca elektrik yükləmə məntəqələrinin də sayı paralel olaraq artırılmalıdır”
Nəqliyyat məsələləri üzrə ekspert Niyazi Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünyanın bir çox ölkəsində nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatı az olan elektrik və hibrid avtomobillərinin maddi cəhətdən daha əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici addımlar atılır. Dünya təcrübəsində təşviqedici addımlar kimi elektromobil alıcılarına, satıcılarına müxtəlif tipli güzəştlər tətbiq edilir, prioritetlər müəyyən olunur və maddi dəstək göstərilir. Təbii ki, belə təşviq çox vacibdir və yaxşı nəticələr verir: “Azərbaycanda kifayət qədər elektrik doldurma məntəqələri yoxdur. Demək olar ki, bunlar sadəcə paytaxtın mərkəz küçələrində olur. Bu da düzgün yanaşma deyil. Ona görə də bütün bölgələr üzrə bu məsələyə ciddi yanaşılmalıdır. Belə olan halda, müəyyən məsələlərin həllinə nail olmaq mümkündür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, elektromobillərin sayı artdıqca elektrik yükləmə məntəqələrinin də sayı paralel olaraq artırılmalıdır. Bu məntəqələrin böyük əksəriyyəti Bakı və Abşerondadır. Bölgələrdə isə ancaq iri şəhərlərdə enerjidoldurma məntəqələri fəaliyyət göstərir.
Ekspertin sözlərinə görə, Azərbaycanda elektromobilləşmə prosesi gözlənilənlərdən zəif gedir. Aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlamalıdır.
Günel CƏLİLOVA