Türkiyə-Azərbaycan strateji media dialoqu - 2020-ci ilin dekabrından sonra...
Müşfiq Ələsgərli: “Azərbaycan və Türkiyə mediası nümunəvi əməkdaşlıq modeli yarada bilib”
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, media sahəsində də strateji əməkdaşlıq mövcuddur. Bildiyimiz kimi, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilib.
Razılaşmaya əsasən, iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilib. Bura media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması daxildir.
Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlığı necə dəyərləndirmək olar?
“Media qurumlarının belə effektiv münasibət qurmaları media ictimaiyyəti ilə yanaşı, xalqlarımızın, dövlətlərimizin də maraqlarına cavab verir”
Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində Azərbaycan və Türkiyə mediası nümunəvi əməkdaşlıq modeli yarada biliblər.
Azərbaycan və Türkiyə dövlətlərinin müttəfiqliyi təkcə siyasi, iqtisadi, təhlükəsizlik maraqlarını deyil, həm də mənəvi birlik prinsiplərini əhatə edir. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dünyaya “Qardaş dövlət” örnəyini təqdim edə biliblər. Bu münasibətlər iki ölkənin media subyektlərinin fəaliyyətində də əksini tapıb. Media təmsilçilərimiz peşəkar platformalarda əməkdaşlıq etməklə yanaşı, həm də ümumilli məsələlərin həlli üçün həmrəylik göstərə bilirlər. Həmrəylik, qarşılıqlı yardımlaşma, birinin digərinə informasiya dəstəyi verməsi vacib amildir”-deyə bildirdi.
M.Ələsgərlinin fikrincə, 44 günlük Vətən müharibəsi dönəmində Türkiyə mediasının Azərbaycana verdiyi informasiya dəstəyi ciddi əhəmiyyət daşıdı. “Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad edərkən fərqli güc mərkəzləri tərəfindən informasiya hücumuna məruz qaldı. Həmin gərgin günlərdə Türkiyə mediasını yanımızda gördük. Türkiyə tərəfi analoji zamanlarda zərurət duyanda, Azərbaycan mediası da qarşılıqlı münasibət göstərdi, öz yardımını əsirgəmədi.
Bu gün Azərbaycan və Türkiyənin media qurumları həm Türk Dövlətləri Təşkilatının Media Platforması çərçivəsində, həm də ikitərəfli münasibətlər kontekstində əməkdaşlıq edirlər. İnformasiya mübadiləsi ilə yanaşı, həm də təcrübə mübadiləsi aparılır. Elə bu günlərdə Azərbaycanın aparıcı media təmsilçiləri “Anadolu” Agentliyinin təşkil etdiyi jurnalistlər üçün təhlükəsizlik təlimlərində iştirak etdilər. Belə mübadilələrin sayı onlarladır və ciddi effekt verir.
Media qurumlarının belə effektiv münasibət qurmaları media ictimaiyyəti ilə yanaşı, xalqlarımızın, dövlətlərimizin də maraqlarına cavab verir” - deyə M.Ələsgərli qeyd etdi.
İradə SARIYEVA