Marketlər plastik torbanı pulla satandan torba istehsalı artıb - qəribə deyilmi?
Xalid Kərimli: “Əvvəllər polietilen torbaların idxalı üstünlük təşkil edirdi, indi isə…”
Məlum olduğu kimi, ötən ildən etibarən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Artıq marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.
Bəllidir ki, belə məhsullar təbiətə düşdükdə uzun müddət parçalanmadan qala bilir və təbiəti çirkləndirməklə bərabər, canlı aləmə də çox mənfi təsir göstərir. Ekspertlər hesab edir ki, polietilen torbaların pulla satılması məhz həmin torbaların zibil kimi atılmasını azaldacaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısı alınacaq.
Ancaq bir qisim mütəxəssislər isə hesab edir ki, adıçəkilən məhsul ekologiyaya zərər verirsə tamamilə yığışdırılmalıdır. Polietilen torbaların pulla satılması problemi həll etməyəcək, əksinə, vəziyyət daha da pisləşə bilər.
Bir ildən çoxdur ki, polietilen torbalar alıcıya ödənişli təqdim olunur. Lakin ödənişli olsa da, bu torbalardan istifadə edənlər az deyil. Deyərdik ki, marketə daxil olanların 95 faizi məhz həmin polietilen torbalardan istifadə edir. Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında Azərbaycanda 10 min 392,6 ton polietilen kisə və çantalar, 2 184,2 ton plastmas kisə və çantalar istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə polietilen kisə və çantaların istehsalı 49,4%, plastmas kisə və çantaların istehsalı isə 3,5 dəfə artıb. Açıqlanan rəsmi məlumatlar göstərir ki, polietilen torbaların ödənişli olmasından sonra bu məhsulun istehsalı kəskin şəkildə artıb.
Bəs polietilen torbalar ödənişli olduqdan sonra da istehsalının artmasının səbəbi nədir?
“Polietilen torbaların tərkibində mikronların sayı çox olanları ekologiyaya ziyan vurur”
İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, polietilen torbaların tərkibində mikronların sayının çox olanları ekologiyaya ziyan vurur: “Bu səbəbdən də tərkibində mikronların həcmi yuxarı olan torbalar ödənişli olub. Təbiətə ziyan vuran və torpağa qarışması mümkün olmayan torbalar ödənişlidir. İkinci məqam ondan ibarətdir ki, əvvəllər vətəndaşlar marketlərdən torbaları pulsuz alsa da, marketlər həmin torbaları almaq üçün topdansatışçılara ödəniş edirdi. Bu torbaların istehlakı hər zaman pullu olub”.
Ekspert hesab edir ki, polietilen torbaların indi istehsalı artıb: “Məlumat üçün deyim ki, əvvəllər polietilen torbaların idxalı üstünlük təşkil edirdi. İndi isə idxal azaldığı üçün istehsal artıb”.
Günel CƏLİLOVA