"Fransa dövlətinin hüquqlarımızı tapdalaması yolverilməz və qəbuledilməzdir" - Yeni Kaledoniya Partiyasının üzvü
Mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir. Azərbaycana gəlmək, bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Burada əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyətdə regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır.
Bu sözləri Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı söyləyib.
İ.Kaloi bildirib ki, bununla bağlı keçirilən tədbirlər, əlbəttə, məsələni kökündən həll etmir. “Demək istərdim ki, biz repressiyaya məruz qalmışıq. Bütün bunların yaranma səbəbi çox təəssüf ki, bizim səsvermə hüquqlarımızın ləğv edilməsidir. Bunu Fransa dövləti edib, hüquqlarımızın tapdalanması yolverilməz və qəbuledilməzdir. Biz bununla bağlı məlumat verdik, təkliflər hazırladıq və əksəriyyət də bu təklifə müsbət yanaşdı. Amma Fransa dövləti bizi dinləmək istəmədi. Ümumiyyətlə, səsvermə hüququnun dondurulması qərarı seçicilərə, mədəniyyətimizə və müqəddəratımıza qarşı olmaq deməkdir”, - deyə İzabella Kaloi əlavə edib.
O qurultayın təşkilinə görə bir daha Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.