İran səfiri Sobhani Zəngəzur dəhlizində Azərbaycanın əleyhinə oynamaqda davam edir, həm də tək burada yox...
İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin erməni mediasına müsahibəsində 2 məqam diqqətimi çəkdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
1. Zəngəzur dəhlizi barədə müxbirin sualına və "Azərbaycan dəhlizin sərhəd və gömrük nəzarəti olmadan açılmasını tələb edir" şərhinə cavab olaraq deyib: "Dəhliz Ermənistanın suveren hüquqları əsasında açılmalıdır".Yəni Sobhani təsdiqləyir ki, Zəngəzur dəhlizində gömrük və sərhəd nəzarəti Ermənistanın səlahiyyətində qalmalıdır. Halbuki, Azərbaycan Naxçıvana gedəcək yük və sərnişinlərin üzərində hər hansı gömrük və sərhəd yoxlamasını inkar edir. Bu, İran səfirinin müsahibəsində Azərbaycanın mənafelərinə uyğun olmayan bir məqam...
2. Müxbir "Azərbaycanın Ermənistana təcavüz edəcəyi halda İranın necə mövqe tutacağını" soruşur. Doğrudur, səfir buna inanmadığını deməyi unutmur. Ancaq deyir ki, "Azərbaycanın heç bir ərazisi Ermənistanın nəzarətində olmadığı üçün niyə hücum etsin ki". Beləliklə səfir Azərbaycanın hələ 4 anklav kəndinin Ermənistanın nəzarəti altında qaldığını və Ermənistanın bu kəndləri azad etmək yönümündə işlərə çox da həvəslə yanaşmadığını unudur. Başqa bir məqam isə odur ki, Sobhani guya "Azərbaycanın hücum edəcəyi təqdirdə İranın müdaxiləsinin İran-Ermənistan əməkdaşlığının səviyyəsindən asılı olacağını deyir. Yəni səfir İranın Ermənistan tərəfdən mümkün müharibəyə müdaxilə ehtimalını inkar etmir və "biz Azərbaycan-Ermənistan müharibəsinə heç bir halda müdaxilə etməyəcəyik" kimi ən doğru cavabı verməyi təəssüf ki, rəva görmür.
Bunlar, Azərbaycana "möhkəm dost və qonşuluq münasibəti" sayıla bilməz... Səfirin sonrakı sözlərindən sonra isə heç sayıla bilməz: "İranda və Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq İranın prinsipial siyasəti dəyişməyəcək"...
Yəni, "Ermənistanı özümüzə əziz-xələf tutmaqda davam edəcəyik"...
Tahir TAĞIYEV