Azərbaycan Aşıqlar Birliyində yeni layihə üzərində iş gedir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər uğurla davam etdirilir. Bu barədə baki-xeber.com-a Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetiriləcək, onların ifalarından ibarət audiodisk hazırlanacaq. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, layihənin icra planına uyğun olaraq artıq bu istiqamətdə müəyyən işlər görülüb. İfaları audiodiskə daxil ediləcək aşıqların hər birinin ifası ayrılıqda dinlənilərək ustad sənətkarlar tərəfindən dəyərləndirilib, onların ifa edəcəkləri saz havası və şeir mətni dəqiqləşdirilib.
Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzər, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib. Audioskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musa oğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alacaq.
Layihənin avqustun sonunda başa çatdırılması nəzərdə tutulur.
İradə SARIYEVA