Gilas yetişdirən Xaçmaz fermerlərinin dərdi budur...
Kamran Məmmədli: “Fermerlərin birbaşa bazara çıxışı üçün onlara dükan, ticarət mərkəzləri ilə müqavilə bağlamaq imkanı yaradılmalıdır”
Bölgələrdən aşağı qiymətə alınan mövsümi meyvələr paytaxt bazarlarında çox yüksək qiymətə satılır. Paytaxt bazarında gilasın 1 kiloqramı 10-13 manata təklif olunursa, bölgələrdə isə bu meyvənin qiyməti 3-5 manatdır. Satıcılar qiymət arasındakı fərqin səbəbini məhsulun azlığı və fermerlərin bazara çıxışının olmaması ilə əlaqələndirir.
Sosial şəbəkədə yazılan məlumata görə, Xaçmaz fermerləri məlum problemdən əziyyət çəkir. Onlar əldə etdiyi məhsulu paytaxt bazarına çıxarmaqda çətinlik çəkir.
“Fermerin bazara birbaşa çıxışı təmin edilsə, bölgələrdən, o cümlədən Xaçmazdan Bakıya gətirilən gilasın qiyməti bu qədər yüksək olmaz”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, fermerlərin birbaşa bazara çıxışı üçün onlara dükan, ticarət mərkəzləri ilə müqavilə bağlamaq imkanı yaradılmalıdır: “Bu gün Bakıda ənənəvi bazarlar, demək olar ki, qalmayıb. Ənənəvi bazarları marketlər şəbəkəsi əvəzləyib ki, hər birinin də kənd təsərrüfatı məhsullarının satıldığı ayrıca bölmələri var. Məhsul istehsal edən fermerlərin isə birbaşa həmin şəbəkələrə çıxış imkanları yoxdur. Bir neçə ara şirkət fermerlərin məhsulunu alıb, həmin marketlərə satışa təqdim edir. Nəticədə aqrar sahədə çalışanlarla müqayisədə onlar daha çox qazanırlar. Fermerlərə marketlər şəbəkəsinə birbaşa çıxış imkanları yaradılsa, problem öz həllini tapacaq”.
Ekspert hesab edir ki, fermerin bazara birbaşa çıxışı təmin edilsə, bölgələrdən, o cümlədən Xaçmazdan Bakıya gətirilən gilasın qiyməti bu qədər yüksək olmaz. Bölgələrdə 3-5 manata satılan meyvə Bakıda 10-12 manat olmamalıdır: “Paytaxt bazarlarında məlum insanlar piştaxta arxasında dayanıb mal satır. Həmin insanlara məhsul satışı birinci əldən gəlmir. Yəni fermer özü deyil, onlar da alverçilərdir. Bunun üçün bazarlarda monopoliya aradan qalxmalıdır. Bütün bazarlar fermerlərin üzünə açıq olmalıdır. Bazarın saxlanması üçün pul ödənilməlidir. Hökumət fermerləri müdafiə etmək fikirindədirsə bazar xərclərini ödəyə bilər”.
Günel CƏLİLOVA