Maşın sürənlərə xəbərdarlıq - avtobus sürücüləri də sizə nəzarət edəcək...
Fərid Həşimov: “Avtobuslar avtomobillər üçün nəzərdə tutulan zolağa daxil olanda həmin yolda yüklənmə yaranır”
Məlumdur ki, avtobuslarda quraşdırılan xüsusi kameralar vasitəsilə avtobus zolağında qaydalardan kənar hərəkət edən nəqliyyat vasitələrinə nəzarət ediləcək. Avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırılır.
Bunun əsas hədəfi avtobus zolaqlarına digər avtomobillərin qanunsuz daxil olmasının qarşısını almaqdır. Avtobuq zolaqlarına daxil olan nəqliyyat vasitələrinin cərimələnməsi təqdir olunur. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu gün avtobusların özləri digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlara daxil olur və beləliklə, həmin yolda hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.
“Avtomobillər üçün nəzərdə tutulan yollara avtobuslar da daxil olur, halbuki, onların sərbəst hərəkət etməsi üçün ayrıca zolaq var”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, zolaqların çəkilməsi avtobusların maneəsiz hərəkət edə bilməsi üçündür: “Bəzən sürücülər bu qaydaya əməl etməyib avtobus zolağına daxil olurlar. Bəli, duz deyirsiz ki, avtomobillər üçün nəzərdə tutulan yollara avtobuslar da daxil olur. Halbuki, onların sərbəst hərəkət etməsi üçün ayrıca zolaq var. Avtobuslar avtomobillər üçün nəzərdə tutulan zolağa daxil olanda həmin yolda yüklənmə yaranır və digər nəqliyyat vasitələri həmin daşıyıcılara görə yolda əlavə vaxt itirir. Yəqin aidiyyəti qurumlar bu məsələni nəzarətə götürər. Onu da deyim ki, avtobuslar üçün ayrılmış zolağa daxil olan sürücülərlə tez-tez rastlaşırıq. Məhz buna görə də avtobuslar ləngiyir, yersiz tıxac yaranır və bu da sərnişinlərin narazılığına səbəb olur. Artıq avtomobillər avtobuslarla yanaşı, velosiped zolaqlarına da müdaxilə edirlər”.
Həmsöhbətimiz hesab edir ki, Bakı şəhərində öz fərdi avtomobili ilə hərəkət edən vətəndaşlara da şərait yaradılmalıdır ki, onlar da uzun tıxaclarda qalmasınlar. Avtobus zolağı çəkilən zaman yolda daralma baş verir, bu zaman avtomobillərin sürəti də azalır və bu da uzun tıxaclara səbəb olur.
Günel CƏLİLOVA