Keçmiş Qarabağ “kqb”şniklərini” İrəvanda hakimiyyətə gətirirlər - İLGİNC...
Yəhya Babanlı: “Hakimiyyətdaxili dəyişikliklər və kadr məsələləri dövlətin ali siyasətinə təsir edə bilməz”
Qarabağda mövcud olmuş qondarma rejimin “Milli Təhlükəsizlik Xidməti”nin keçmiş əməkdaşları Ermənistanın müvafiq strukturunda işə götürülə bilər.
Bununla bağlı parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna müvafiq əlavələr edilib. Parlamentdə olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini Andranik Simonyan da qeyd edib ki, separatçıların keçmiş “MTX”nin əməkdaşlarının ölkənin eyniadlı qurumunda müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi əsasların yaradılması təklif edilib: “Onlar işə təyin edilərkən iş stajı, tutduğu vəzifə və rütbə nəzərə alınacaq. Qanun 2023-cü il sentyabrın 19-na qədər “Milli Təhlükəsizlik Xidməti”ndə vəzifə tutmuş şəxslərə şamil ediləcək”.
Keçmiş separatçı rejim tör-töküntülərinin Ermənistanda işə qəbul olunması bu ölkə hakimiyyətində revanşist qüvvələrin təsirinin güclənməsinə səbəb olacaq. Bu isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərən amildir. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Nə baş verir-versin, qalib və haqlı Azərbaycan tərəfinin mövqeyi bəllidir və netdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı buna bir neçə prizmadan yanaşdı: “Bu. əslində vaxtında erməni ideoloqlarının atdıqları səhv - yanlış addımın düzəldilməsi kimi qiymətləndirilməlidir. Heç bir tarixi, hüquqi və siyasi əsası olmayan “dövlət”in vətəndaşı və milli təhlükəsizlik orqanının olması absurd, əsassız idi. İndi sözün əsl mənasında “ağıllanıblar” ki, Ermənistan və erməni vətandaşı faktoru var. Bu da ölkə daxilində immunitet və imtiyaz yaradır, bərabərhüquqlu vətəndaşlıq xüsuslarından istifadə edilə bilər. “DQR”, “Arsax” və s. kimi xəyallar və cəfəngiyatlar bitib. Reallıqla yaşamaq məcburiyyətində olduqlarını gec də olsa məmnuniyyət hissindən məhrum qonşularımız başa düşməyə başlayıblar. İkincisi, hakimiyyətdaxili dəyişikliklər və kadr məsələləri dövlətin ali siyasətinə təsir edə bilməz. Bu icraedici funksiyadır. Şəxslər mexanizm rolunu oynayır. Bu baxımdan bunun hər hansı problem yaradacığını düşünmürəm. Ən başlıcası isə, nə baş verir-versin, qalib və haqlı Azərbaycan tərəfinin mövqeyi bəllidir və netdir. Beynəlxalq hüquq və münasibətlərə daban-dabana zidd, işğalçılığı təşviq edən Konstitusiya dəyişməlidir. Bu, Ermənistan kapitulyasiyasının memarı Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin sülh və təhlükəsizlik üçün qacılmaz tələbidir”.
Vidadi ORDAHALLI