Vaşinqtonda üçtərəfli görüşdən yalnız ümumi bəyanatlar səsləndirildi... - FOTO/YENİLƏNDİ
“ABŞ daha nə edə bilər?” sualı deyəsən yenə açıq qaldı...
İyulun 10-da Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçirilib. Bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.
“NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi və iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı danışıqlara başlanılıb. Görüş Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilib”, - XİN-in məlumatında deyilir.
“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam”. Bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.
“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.
Xarici İşlər Nazirliyindən isə bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
TAHİR