Türk dövlətləri üçün Azərbaycanın bu tranzit imkanlarının əvəzi yoxdur...
Vüqar Bayramov: “Bu, beynəlxalq yükdaşımalarda ölkəmizin regional mövqeyinin daha da güclənməsinə gətirib çıxarıb”
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşündə çıxışında bəyan edib ki, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir: “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir.
Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.
Ölkə başçısı onu da qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.
“Azərbaycan üzərindən daşınan yüklərin həcmində ötən il 30 faizdən çox artım qeydə alınıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı: “Həqiqətən də bu məsələdə ölkəmizin önəmi böyükdür. Azərbaycan həm Qərb-Şərq, həm də Orta Dəhlizin genişlənməsinə töhfə verən ölkədir. Bir tərəfdən infrastrukturun genişləndirilməsi müşahidə olunur. Nəqiliyyat və logistika infrastrukturunun inkişafı ilə ilə əlaqədar Azərbaycan regionda böyük sərmayə qoyuluşları həyata keçirən ölkədir. Digər tərəfdən isə, proseslərin elektronlaşması həm də Azərbaycan üzərindən daşınan yüklərin həcminə təsir göstərir. Bu da daha çox yüklərin Azərbaycan və region üzərindən daşınmasına imkan yaradır. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi prosesi həyata keçirilir. Buna paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Yəni praktiki olaraq mövcud infrastrukturun genişləndirilməsi həyata keçirilir ki, bu da tranzit imkanlarının artmasına gətirib çıxarır. Ona görə də bu gün qeyri-neft sektorunda beynəlxalq yükdaşımalardan əldə edilən gəlir xüsusi paya malikdir. Bütün bunların nəticəsidir ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində ötən il 30 faizdən çox artım qeydə alınıb. Sözügedən artım tempinin də növbəti illərdə davam edəcəyi gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycanda nəqliyyat və logistika sisteminin inkişaf etdirilməsi beynəlxalq yükdaşımalarda ölkəmizin regional mövqeyinin daha da güclənməsinə gətirib çıxarıb. Hesab ediəm ki, bu proses davam edəcək”.
Vidadi ORDAHALLI