“Azpulmat" müştərilərin telefon menyusuna necə müdaxilə edir - qalmaqal...
Şəmsəddin Əliyev: “70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir, tək yolları budur ki, zəng edib camaatı bezdirsinlər”
Son günlər “Azpulmat” vasitəsilə kredit götürən vətəndaşlar arasında narazılıq artıb. Vətəndaşların sözlərinə görə, “Azpulmat”dan təkcə şəxsiyyət vəsiqəsi ilə 30, 50, 80 AZN məbləğində faizlə kredit götürə bilirlər.
Belə ki, onlar Android telefondan mobil tətbiq yükləyərək, mobil nömrə ilə qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsindəki məlumatları oxutmaq üçün smartfonun kamerasından MRZ skan edirlər. Sonra yeni açılan səhifədə vətəndaşın istədiyi borcun məbləği və müddəti göstərilir. Bütün bu proseslər normal görünsə də, əsas problem borcun geri ödənilməsi zamanı yaşanır. Vətəndaşlar iddia edirlər ki, ödəmədə gecikmə olan zaman “Azpulmat” nümayəndələri onların digər mobil nömrələrini tapır, hər gün ailələrini və telefonun yaddaşında adı olan istənilən şəxsi narahat edir, borc gecikdiyi üçün onları məhkəməyə verməklə təhdid edirlər. Belə olan halda vətəndaşlar nə etməlidir?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələnin eskalasiyası kifayət qədər böyüyüb: “İstənilən telefon işlədən şəxsin nömrəsinə belə zənglər gələ bilər. Çünki hər birimizin nömrəsi kimlərinsə yaddaşında olar. Şəxsən mənim özümə də zəng gəlib ki, güya kredit veriblər və məni orada zamin kimi göstəriblər. Zaminlik institutunun özü qüsurludur. Bəzən görürsən ki, pulu götürən ölkəni tərk edir, onda yapışırlar zaminlərin yaxasından. Bu, ancaq bankların maraqlarına xidmət edən institutdur. Çünki həmin məbləğdən zaminə nəsə çatmır. Zamin borclu şəxslə eyni məsuliyyəti bölüşə bilməz. Kiçik həcmli kreditləri isə daha çox aztəminatlı ailələr və tələbələr götürür. Sonradan telefonda kimin nömrəsi var, ona zəng edirlər ki, bəs gətirin pulu ödəyin. “Azpulmat”la bağlı vəziyyət daha acınacaqlıdır. Əgər mən hətta zamin kimi müqaviləyə imza atmamışamsa da, niyə zəng mənə olunmalıdır? Əsassız yerə narahat edilən vətəndaşlar məhkəməyə müraciət edə bilər. Belə təşkilatların fəaliyyət normalarını tənzimləyən qanuna ciddi dəyişik olunmalıdır. Təbii ki, “Azpulmat” bank olmadığı üçün “bank sirri” deyilən bir şey də yoxdur. Kredit borcunu geri qaytarmayanda “məhkəməyə verəcəyik” demək olar. Məhkəməyə vermək onun haqqıdır, verdiyi pulu geri istəyir. Vətəndaşa qanunsuz başqa nəsə deyilirsə, əlbəttə, bu, təhdid hesab edilə bilər, yolverilməzdir. Vətəndaşı bezdirirsə, polisə, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. Məhkəməyə verirsənsə, ver, hər dəfə niyə zəng edirsən? Əslində niyə hər dəfə zəng etdiklərini bilirəm. Çünki 70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir axı. Məhkəmənin xərci bu puldan bir neçə dəfə çoxdur. Ona görə tək yolları budur ki, zəng edib camaatı bezdirsinlər. Bütün bunlar yolverilməzdir”.
Məhəmmədəli QƏRİBLİ