Taksi xidmətində problemlər bitmir - indi də kondisioner məsələsi...
Fərid Həşimov: “Bəzi sürücülərin bu tələbi taksi xidməti sahəsində çox biabırçı mənzərə yaradır”
Yay ayları ərzində taksi xidmətindən istifadə edən müştərilərin kondisionerə olan tələbatı normal olaraq artır. Lakin tələbatın yüksək olması bir sıra problemləri də özü ilə gətirir. Taksi sahəsində mövcud problemlərdən biri də taksi sürücülərinin kondisioner işlədiyi təqdirdə müştəridən əlavə ödəniş tələb etməsidir. Bu isə sərnişinlərin narazılığına səbəb olur.
Narazılıq fonunda maraq doğuran sual yaranır ki, kondisioner istifadəsinə görə əlavə ödəniş etmək normaldırmı?
AYNA-nın yaydığı məlumatda qeyd edilir ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaş sifarişdən imtina etməlidir: “Taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunub”.
“Taksi kimi qeydiyyatdan keçən bütün daşıyıcılar sərnişinləri rahat şəkildə mənzil başına çatdırmağa borcludur”
Nəqliyyat sahəsi üzrə ekspert Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, taksi sürücülərinin tələbi sadəcə gülünc yanaşmadır: "Bəzi sürücülərin bu tələbi taksi xidməti sahəsində çox biabırçı mənzərə yaradır. Sərnişinlər ekonom və komfort taksi xidməti barədə öncədən məlumatlandırılmalıdır. Onlayn sifariş zamanı belə ekonom və komfort xidmətlə bağlı müvafiq bölmələr yerləşdirilməlidir. Sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün bu addımın atılması məqsədəuyğundur. Ümumiyyətlə, taksi kimi qeydiyyatdan keçən bütün daşıyıcılar sərnişinləri rahat şəkildə mənzil başına çatdırmağa borcludur. Məlumdur ki, taksi sürücüləri də aidiyyəti dövlət qurumlarının öhdəlikləri ilə razılaşıblar, onların çalışdığı taksi şirkətlərinin qarşısında da bəzi tələblər qoyulub. Bu səbəbdən də sürücülər sərnişinləri narazı salmamalıdır. Yay mövsümündə ictimai nəqliyyatda kondisionerlərin işləməsi məcburidir. Bu, istər ekonom, istər comfort, bütün sinif taksilərə aiddir. Bunların hamısında yayda kondisioner, qışda isə isitmə sistemi işləməlidir”.
Günel CƏLİLOVA