Ermənistan sputniklərinin Kosmosda radiodalğa təxribatına şübhələr var...
Ramil Məmmədli: “Ermənistanın kosmik fəzadan təxribat məqsədi üçün istifadə etməsi realdır”
Bir sıra dövlətlər Ermənistandan orbitə buraxılmış “Armsat-1” və “Hayasat-1” peyklərini orbitdən çıxarmağı xahiş edib. Bu barədə iyulun 9-da “Joqovurd” qəzeti məlumat yayıb.
“Bir sıra ekspertlərin fikrincə, Kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsini pozub”, - nəşr yazır. Söhbətin hansı ölkələrdən getdiyi açıqlanmır. Materialda deyilir ki, Ermənistanın “Armsat-1” və “Hayasat-1” peykləri qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar səhv aparılıb.
Söhbət ondan gedir ki, erməni peyklərinin istifadə etdiyi radiotezliklər digər dövlətlərin mövcud peyklərinin və peyk şəbəkələrinin radiotezliklərinə müdaxilə edir, maneə yaradır. Ermənistan rəsmi səviyyədə bunu inkar edib “Bizə heç vaxt heç bir hökumətdən yazılı və ya şifahi şikayət daxil olmayıb” desə də, real vəziyyət başqadır. Nəzərə almaq lazımdır ki, Ermənistan həqiqətən də belə işlərlə məşğul olur. 2020-ci ildə 44 günlük müharibədən sonra Qarabağın müəyyən hissəsi 2023-cü il sentyabrın 20-nə qədər Ermənistanın işğalı altında qaldı. Həmin müddət ərzində Qarabağ üzərindən uçan təyyarələrə radioelektron maneələr yaradılırdı. Radiotezliklərlə təyyarələrin uçuşuna təsir göstərirdilər. O baxımdan, baxmayaraq ki, erməni rəsmilər təkzib edir, amma həqiqətən də Ermənistan peyklərinin başqa ölkələrə maneçilik törətməsi barədə məlumatlar var. Ola bilərmi ki, Ermənistan bunu qəsdən edir? Yəni bu, artıq radiodiversiyadır. Hələlik konkret hansı ölkələrin peyklərinə təsir göstərildiyi barədə məlumatlar yayılmasa da, istənilən halda, ola bilərmi Ermənistan bunu qəsdən etsin? Yəni artıq kosmik fəzanı təxribat mərkəzinə çevirmək istəyir, hansısa özünə uyğun olmayan ölkələrin peyklərinə müəyyən radiotezliklərlə təsir göstərirlər. Belə bir ehtimal nə dərəcədə realdır?
“Hesab edirəm ki, bu məsələnin üzərinə gedilsə, bir sıra məqamlar bütün çılpaqlığı ilə ortaya çıxacaq”
Hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında belə bir versiyanın reallığa çox yaxın olduğunu qeyd etdi: “Əvvəla, biz unutmamalıyıq ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan bir terror dövlətidir. Erməni cəmiyyəti terrora meylli bir xalqdır. Məsələn, 1988-ci ilin dekabrında Spitakda güclü zəlzələ oldu və bu, böyük dağıntılara, insan tələfatına səbəb oldu. O vaxt Azərbaycan müstəqil deyildi. Erməni separatizmi başlamışdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan humanistlik edərək ora yardım qrupu göndərdi. Məqsəd dağıntılar altında qalan insanların xilasına kömək etmək idi. İl-76 təyyarəsində 9 heyət üzvü və 69 sərnişin vardı. Təyyarənin enişinə düzgün koordinat verilmədi və nəticədə qəza baş verdi. Bir nəfər xaric hamı həlak oldu. Versiyaya görə, erməni dispetçer bilərəkdən yanlış koordinatlar vermişdi. Ona görə də ermənilərdən nə desən gözləmək olar. Antiterror əməliyyatlarına qədər Qarabağ üzərindən uçan yerli və xarici mülki təyyarələrin uçuşuna müdaxilələr edilirdi. Bu baxımdan hesab edirəm ki, Ermənistanın kosmik fəzadan təxribat məqsədi üçün istifadə etməsi realdır. Ola bilsin ki, bu məlumatlar qapalı müstəvidədir. Radioelektron təxribata məruz qalan dövlətlər bununla bağlı etirazını bildirib, amma bir sıra səbəblərdən bunu ictimailəşdirmirlər. Çünki bu məlumat elə-belə yayılmayıb. Özü də erməni mediası bu məlumatı yayıb. Hesab edirəm ki, bu məsələnin üzərinə gedilsə, bir sıra məqamlar bütün çılpaqlığı ilə ortaya çıxacaq”.
Vidadi ORDAHALLI