Xəzərdə balıqların kütləvi qırılmasının səbəbi nədir...
Xəzərin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Balıqların kütləvi ölümü ilə bağlı müxtəlif fikirlər səslənir. Bir qisim mütəxəssislər balıqların kütləvi ölümünü onların kürütökmə mövsümü ilə əlaqələndirir.
Belə ki, bu zaman balıqlar ərazilərə üz tutur, dayaz yerlərdə temperaturun tez yüksəlməsi və suyun isinməsinin balıqların kütləvi ölümünə səbəb olub. Bəziləri isə bunu Xəzərin çirklənməsi ilə izah edir.
Xatırladaq ki, ötən ay da Azərbaycanda analoji hadisə baş verib. Belə ki, Hövsan çimərliyində cansız kiçik balıqlar kütləvi şəkildə sahilə yığılmışdı.
Maraqlıdır, balıqların ölümünə səbəb nədir?
Rövşən Abbasov: “Dənizdə havanın temperaturu yay fəsli ilə əlaqədar olaraq kəskin şəkildə qızır, belə olan halda balıqların nəfəs alması ağırlaşır və dəniz sularında yaşamaları çətinləşir”
"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, ekoloq Rövşən Abbasov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dənizkənarı sahildə suyun temperaturu artdığı üçün balıqlar suda qala bilmir: “Bəllidir ki, son illər Xəzər dənizinin suyunun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Dənizdə havanın temperaturu yay fəsli ilə əlaqədar olaraq kəskin şəkildə qızır. Bundan dolayı balıqların nəfəs alması ağırlaşır və dəniz sularında yaşamaları çətinləşir. Balıqlar kütləvi şəkildə tələf olur və dəniz sahillərinə ölmüş balıq axınları artır”.
Ekspert hesab edir ki, baş vermiş ekoloji faciənin qarşısını almaq mümkün deyil: “Qeyd edim ki, buna bənzər hadisə əvvəllər də müşahidə olunub. Bu problemin qarşısını almaq istiqamətində heç bir iş görülməyib”.
Telman Zeynalov: “Balıqların kütləvi şəkildə tələf olması balıqçıların hərəkətindən ola bilər”
Ekoloq Telman Zeynalov hesab edir ki, balıqların kütləvi şəkildə tələf olması balıqçıların hərəkətindən ola bilər. Çox vaxt ölümlər onların atdığı qumbaranın partlamasından əmələ gəlir: “Həmçinin, dənizə hardansa çirkab suları, zəhərli sular daxil ola bilər. Nə qədər çirkli su olsa da su özü-özünü təmizləmə qabiliyyətinə malikdir. Təbiət də buna kömək edir. Amma barıtı heç nə təmizləyə bilmir”.
Günel CƏLİLOVA