“Russneft” Azərbaycanın 16 neft yatağını qoyub getdi - İLGİNC...
Rəsul Cahangirli: “Şirkətin ölkəni tərk etməsi ciddi problem yaratmayacaq”
“Russneft” Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb. Qərar “Britaniya-Virciniya GEA Holdings Limited”ə də təsir edib.
GEA xətti ilə “Russneft” Abşeron, Binəqədi, Neftçala və Şirvan da daxil olmaqla 16 yatağın işlənməsində iştirak edib. O, 2014-cü ildə 870 milyon dollara alınıb və Azərbaycanın quruda neft hasil edən ən böyük xarici şirkəti hesab edilirdi. “Russneft” həmçinin GEA ilə əlaqəli Kiprin “Cypriot Global Energy Cyprus Limited” və Kayman adalarından dörd şirkətindən: “Kura Valley Holdings Ltd.”, “Karasu Operating Compan”, “Karasu Petroleum Company” və “Karasu Development Company”dən azad olub. İlk iki şirkət Padar (Russneft 2019-cu ildə layihədən çıxıb), Mişovdağ və Kəlaməddin yataqlarının işlənməsində iştirak edib.
Qeyd edək ki, “Russneft” Azərbaycandakı layihələri prioritet hesab edirdi. Şirkət ölkəni tərk etmək qərarını izah etməyib.
Maraqlıdır, “Russneft”in Azərbaycandan getməsinin nəticələri nə olacaq? Bütün bunlar ciddi bir şey ola bilərmi?
“Çox güman ki, Rusiya şirkəti xarici sanksiyalara görə bu addımı atıb”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, şirkətin ölkəni tərk etməsi ciddi problem yaratmayacaq: “Əvvəla, Publik Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərən “Russneft” neft şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxartdığını rəsmən elan edib. Bu barədə şirkətin yarım illik hesabatında affilə edilmiş hüquqi şəxslərinin yenilənmiş siyahısında məlumat verilib. Belə ki, “Russneft”in məlumatına əsasən, Publik Səhmdar Cəmiyyətinin SOCAR ilə bir sıra müqavilələrdə iştirak edən Britaniya-Virciniya şirkəti (GEA Holdings Ltd.) ilə əlaqəsi kəsilib. Qeyd edək ki, Rusiya şirkəti "GEA Holdings" vasitəsilə Abşeron, Binəqədi, Neftçala və Şirvan yataqlarının işlənilməsində iştirak edirdi. Həmçinin Kayman adalarının dörd şirkəti də “Russneft”in strukturundan çıxarılıb. Bunlar 2000-ci illərin sonunda müvafiq olaraq Azərbaycanın “Padar-Harami” və “Mişovdağ-Kəlaməddin” bloklarının operatorları olmuş “Kura Valley Holdings Ltd.” və “Karasu Operating Company”, eləcə də “Karasu Petroleum Company” və “Karasu Development Company” strukturlarıdır. Azərbaycandakı aktivlərdən imtina etməklə “Russneft”in faktiki olaraq xarici hasilat aktivləri qalmayıb. Çox güman ki, həmin yataqlardakı paylar SOCAR-ın tam nəzarətinə keçib. Çox güman ki, Rusiya şirkəti xarici sanksiyalara görə bu addımı atıb. Çünki Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya tətbiq edilən genişmiqyaslı sanksiyalar neft sənayesinə də təsirsiz ötüşmür”.
Vidadi ORDAHALLI