Əliyev TDT-nin dünya güc mərkəzinə çevrilməsini mümkün edən amilləri bir-bir göstərdi...
Məhəmməd Əsədullazadə: “Prezidentin vediyi bəyanatlar xüsusi önəm kəsb edirdi”
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında bəyan edib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir və bunu ölkə başçısı belə əsaslandırıb:
“Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir”.
“Azərbaycanla Türkiyə koordinasiyalı şəkildə siyasət ortaya qoyaraq bu təşkilatı gücləndirəcəklər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Şuşada TDT-nin qeyri-rəsmi zirvə görüşündə Prezident Əliyevin vediyi bəyanatlar xüsusi önəm kəsb edirdi: “Çünki bu bəyanatlar ilk növbədə TDT-nin dünyada aparıcı təşkilat olması istiqamətində atılacaq addımlar və yeni dünya nizamında məhz bu təşkilatın oynaya biləcəyi rolla bağlı idi. Həm də cənab Prezidentin qeyd etdikləri bir konsepsiya, inkişaf planı idi. Hesab edirəm ki, proseslər bu istiqamət üzrə davam edəcəksə, o zaman yaxın perspektivdə TDT dünyanın böyük gücə malik təşkilatı olacaq. Bəli, TDT-yə üzv ölkələr Qərblə Şərq arasında, nəqliyyat kommunikasiya qovşağı üzərində yerləşirlər. Yeni dünya nizamında coğrafi cəhətdən cəlbedici regionda yerləşirlər. Karbohidrogen ehtiyatlarının bu ölkələrdə olması, nəqliyyat yollarının bu regiondan keçməsi önəmli üstünlüklərdən biridir. Sözügedən ölkələr həm Qərb, həm də Şərq üçün çox önəmli ölkələrdilər. Ona görə də TDT bundan çox ciddi şəkildə yararlanacaq və hesab edirəm ki, qarşıdakı illərdə böyük layihələr də həyata keçiriləcək. Artıq Çin, Birləşmiş Ştatlar və Avropa İttifaqı da TDT-nin inkişafına şahidlik edir. Prezident haqlı olaraq qeyd etdi ki, bunun üçün əlverişli infrastruktur var. Xəzər və Qara dənizdə limanlar, dəmiryol, avtomobil nəqliyyatı, yəni bütün infrastruktur imkanlara malikdilər. Ona görə də Azərbaycanla Türkiyə koordinasiyalı şəkildə siyasət ortaya qoyaraq bu təşkilatı gücləndirəcəklər”.
Vidadi ORDAHALLI