İbtidai siniflərdə summativ qiymətləndirmələr deyəsən ləğv olunacaq... Bəs əvəzində nə?..
Elçin Əfəndi: “Belə bir qərarın alınması təhsilalan və təhsilverənlər üçün çox böyük əhəmiyyət kəsb edir”
İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Bunu media nümayəndələrinə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq: “2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir".
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev də mətbuata açıqlamasında şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla biləcəyini bildirmişdi. O hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər ediləcəyini də demişdi.
Bu qərarın müzakirəsi nə ilə bağlıdır? İmtahanların ləğvi iş keyfiyyətinin yüksəldilməsinə səbəb ola bilər?
“Müəllimlərin vaxtı əsasən summativ qiymətləndirməyə gedirdi, indi isə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün…
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şagirdlərin qiymətləndirilməsi ilə bağlı hər 5 ildən bir dəyişiklik olur. Hazırda təhsilalanların qiymətləndirilməsi summativ və diaqnostik qiymətləndirilmə prosesi əsasında keçirilir. Daha çox summativ qiymətləndirməyə üstünlük verilirdi. Məlumdur ki, summativ qiymətləndirmə 2 və 11-ci sinifləri əhatə edir. Birinci sinifdə summativ qiymətləndirmə aparılmır. Böyük summativ qiymətləndirmə 2 və 3-cü sinif xaric bütün sinifləri əhatə edirdi. Kiçik summativ qiymətləndirmə 3 səhfədən az olmamaq şərtilə keçirilir. Əsasən fənn müəllimləri tərəfindən şagirdlərin bilik və bacarıqları yoxlanılır. Böyük summativ qiymətləndirmə isə əsasən tədris ilinin birinci yarımili üzrə təhsil müəssisəsi pedaqoji şurasının qərarı əsasında fərqli fənlər üzrə şagirdlərin bilik və bacarıqları yoxlanılır. Indi isə belə bir qərarın alınması təhsilalan və təhsilverənlər üçün çox böyük əhəmiyyət kəsb edir. Belə olarsa müəllimlərin dərs yükü azalar. Məlumdur ki, müəllimlərin vaxtı əsasən summativ qiymətləndirməyə gedirdi. Indi isə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün fərqli metodlardan istifadə oluna bilər”.
Günel CƏLİLOVA