COP29 çərçivəsində dünya mediası ilə iş necə aparılır və hansı nəticələr var?
Yadigar Məmmədli: “Bu yöndə görülən işlər ümumən qənaətbəxşdir”
İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.
İclasda COP29-a hazırlıq çərçivəsində beynəlxalq media ilə aparılan iş məsələsi də müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri, o cümlədən xarici media ilə aparılan işlər barədə danışıb.
Ümumən, beynəlxalq media ilə bu istiqamətdə, yəni COP29-a hazırlıq istiqamətində aparılan işin vəziyyəti necədir, hansı nəticələr var və bunun əhəmiyyəti nədir?
“Tez-tez dünya mediasında Azərbaycanda COP29-a hazırlıqla bağlı xəbərlərə, süjetlərə rast gəlinir”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra işlərin görüldüyünü qeyd etdi: “Əvvəla, COP29 BMT-nin miqyasına görə ən böyük tədbiridir. Hər il sözügedən tədbir keçirilir. Bu il həmin tədbir Azərbaycanda keçiriləcək. Ona görə də bu tədbirə dünyanın marağı çox böyükdür. Niyə? Çünki Azərbaycan böyük bir tədbirə ev sahibliyi edəcək. Özü də bu, təkcə ev sahibliyi ilə bitmir və burada təşkilati işlər var. Hazırlıq işlərinin önündə gedən də məhz kommunikasiya işləridir. Yəni dünya mediası ilə işlərin aparılmasıdır. Bu da çox önəmli məsələlərdən biridir. Görünən odur ki, bu istiqamətdə işlər yaxşı təşkil olunub. Çünki tez-tez dünya mediasında Azərbaycanda COP29-a hazırlıqla bağlı xəbərlərə, süjetlərə rast gəlinir. Onların içində aparıcı media platformaları da var və bu, belə də olmalıdır. Azərbaycanda COP29-la bağlı medianın üzərinə çox böyük iş düşür. Bunlardan biri də dünya mediası ilə əlaqəli işlərin aparılmasıdır ki, bu yöndə müsbət tendensiya müşahidə edilir. Çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərin işıqlandırılması, onlaın əhəmiyyəti ilə bağlı ümumən sistemli işlər görülür. Çünki Azərbaycan tədbirin keçirilməsinə son dərəcə ciddi yanaşır. Ən yüksək rəsmilərin iştirakı ilə Təşkilat Komitəsinin hazırlıq iclasları keçirilir. Həm dövlət səviyyəsində, həm də QHT-lər çərçivəsində hazırlıq işləri görülür. Özü də hiss olunur ki, bunların arasında uğurlu koordinasiya var. Hesab edirəm ki, tədbir yaxınlaşdıqca, bu işlərin sürəti və əhəmiyyəti daha da artacaq. O cümlədən, xarici mediada COP29-la bağlı daha çox məlumatın gedəcəyi gözlənilir. Bir sözlə, bu yöndə görülən işlər ümumən qənaətbəxşdir”.
Vidadi ORDAHALLI