Azərbaycan COP29-a görə BMT ilə yenidən saziş imzalayacaq - zərurət nədən yarandı?
Aydın Mirzəzadə: “COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmalıyıq”
Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyev iyulun 8-də komitənin beşinci iclasında bildirib.
Maraqlıdır, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin nə kimi üstün cəhətləri var?
“Bu sazişlərlə tədbirin keçirilməsi, təşkili, tərəflərin vəzifələri müəyyən edilir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istənilən ölkə üçün COP29-un keçirilməsi böyük bir şərəfdir: “100-dən çox ölkənin dövlət və hökumət başçısı, 100 minə qədər iştirakçı iqlim dəyişikliyini, təbiətin qorunması məsələsini ciddi şəkildə müzakirə edəcək. Tədbir keçirən ölkə özünün bu istiqamətdəki fəaliyyəti ilə bağlı müəyyən işlər görür. Məlumdur ki, Azərbaycan COP29-a çox ciddi şəkildə hazırlaşır. Müvafiq təşkilat komitəsi yaradılıb, hər bir dövlət orqanının qarşısına konkret vəzifələr qoyulub”.
Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan ictimaiyyəti ilk dəfə “Ev Sahibi Ölkə” Sazişinin adını eşitdi. BMT bu və ya digər ölkədə böyük bir tədbir keçirərkən, tədbiri qəbul edən ölkə ilə müvafiq saziş imzalayır. Bu sazişlərlə tədbirin keçirilməsi, təşkili, tərəflərin vəzifələri müəyyən edilir. COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmalıyıq. Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib”.
Günel CƏLİLOVA