Gürcüstan mediası Şuşa Bəyannaməsindən yazır
Gürcüstanda geniş oxucu kütləsinə malik olan 24news.ge və realnews.ge portalları da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Qarabağ Bəyannaməsini imzalamalarına dair material dərc ediblər. Belə ki, “Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar” sərlövhəli materialda sənədin Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın imzaladığı qeyd olunur.
Bəyannamədə türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu qeyd olunub.
Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Portallar, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən söylədiyi fikirlər barədə də məlumat yayıblar.
Prezident İlham Əliyevin fikirlərindən gətirilən sitat əsasında yayılan məlumatda deyilir: “Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib”.
Mətləb