Rusiya bombardmançı təyyarəsini qaçırmaq cəhdi Ukraynaya baha başa gəldi – şəhərlər ard-arda bombalandı...
Prezident Zelenski bildirib ki, Kiyev və digər şəhərlərə Rusiyanın raket hücumları nəticəsində 27 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Ukrayna mənbələri Kiyevdə 22 nəfərin öldüyünü bildirib. Hücumların xüsusilə Kiyev, Dnepr, Krivoy Roq, Pokrovsk, Slavyansk və Kramatorskda həyata keçirildiyi bildirilib.
“M. Komsomolets” qəzeti Kiyevə hücumu xəbərini “Rusiya Ukrayna Tu-22M3-ü qaçırmağa cəhd etdiyi üçün Kiyevdəki gizli bunkerləri vurdu” başlığı ilə dərc edib. “K.Pravda” qəzeti isə Rusiya qoşunlarının Ukraynaya ən dağıdıcı raket hücumlarından birini həyata keçirdiyini yazıb. Qeyd edilib ki, Ukraynanın hərbi fabriklərinə və hava limanlarına böyük hücum həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Silahlı Qüvvələri müdafiə sənayesi obyektlərini və Ukrayna Silahlı Qüvvələrinin bazalarını hədəf alıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsini qaçırmaq cəhdinin qarşısının alındığını açıqlayıb.
“Bu əməliyyatın təşkili və həyata keçirilməsində NATO ölkələrinin xüsusi xidmət orqanlarının iştirak etdiyi aşkarlanıb” – deyə FSB-nin açıqlamasında bildirilir. Qeyd edilir ki, Ukrayna kəşfiyyatı təyyarənin Ukraynaya qaçırılması əməliyyatını həyata keçirmək üçün Rusiya hərbi pilotunu pul mükafatı və İtaliya vətəndaşlığı qarşılığında öz tərəfinə çəkməyə çalışıb.
TAHİR