Paşinyan ABŞ-la AES tikir, Kosmosu öyrənir - Rusiya hələ “yatır”...
Elşad Həsənov: “Rusiyanın bu baş verənlərə təmkinlə yanaşması sonsuza qədər davam etməyəcək”
Ermənistan ABŞ ilə birlikdə yeni Atom Elektrik Stansiyası (AES) tikməyi planlaşdırır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Ermənistan - Qərb Tərəfdaşlığı - Avropa İttifaqı, çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib: “Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ-la kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-ın daxili proseslərinin başa çatmasını gözləyirik və bundan sonra işə başlayacağıq”.
Ermənistanın bu istəyi Rusiya maraqlarına qarşı növbəti addımdır. Ancaq buna baxmayaraq, Moskva hələ də Ermənistanda gedən prosesləri təmkinlə izləyir. Halbuki, İrəvan addım-addım Moskvadan uzaqlaşır.
“Müvafiq zəmin yaranan kimi, Moskva Ermənistanı cəzalandıracaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, bütün bunlar Ermənistanın ABŞ-a növbəti yaxınlaşmasının göstəricisidir: “Məsələ ondadır ki, Rusiya tərəfindən tikilən “Metsamor” Atom Elektrik stansiyası 1976-cu ildən fəaliyyət göstərir. Bir neçə dəfə bu stansiyanın fəaliyyət müddəti uzadılıb və AES-i uranla Rusiya təmin edir. Üstəlik, Rusiya ilə danışıqlar aparılmışdı ki, stansiya yenilənsin. Ancaq görünən odur ki, erməni tərəfi məqsədyönlü şəkildə Rusiyanı iqnor edir. Ermənistan ABŞ-ın dəstəyi ilə AES tikmək istəyir. Bu da, təbii ki, Rusiyada qıcıqla qarşılanır, Moskvada narazılıq yaradır. Ancaq Rusiya rəhbərliyi hələlik onlara təmkinlə yanaşır. Sanki Rusiya rəhbərliyi gedən proseslərin sonunun nə ilə bitəcəyini gözləyir. Eləcədə 15-24 iyulda ABŞ-Ermənistan birgə hərbi təlimləri keçiriləcək. Ermənistan KTMT-nin üzvü ola-ola ABŞ-la birgə təlimlər keçirir. Özü də bu, ikinci belə təlimdir. Birinci təlim ötən ilin sentyabrında keçirilib. Görünən odur ki, artıq Ermənistan öz siyasətini Qərbə yönəldib. Hərbi potensialını Qərb hesabına gücləndirir. Əvvəl 90 faiz Rusiyadan silah asılılığı olan Ermənistan indi onu 6 faizə endirib. Artıq silahın böyük hissəsi Fransadan, Hindistandan və digər ölkələrdən tədarük edilir. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti həm hərbi, həm də iqtisadi baxımdan Rusiyadan qopmağı qarşısına əsas məqsəd qoyub. Strategiyə Qərbə doğru getməkdir. Rusiyanın bu baş verənlərə təmkinlə yanaşması sonsuza qədər davam etməyəcək. Bunun başlıca səbəbi Ukraynada aparılan müharibədir. Rusiya istəmir ki, Cənubi Qafqazda ona ikinci cəbhə açılsın. Nəzərə almaq lazımdır ki, Gürcüstan-Rusiya münasibətləri düzəlməyə doğru gedir. Müvafiq zəmin yaranan kimi, Moskva Ermənistanı cəzalandıracaq”.
Vidadi ORDAHALLI