Əliyev 3-cü beynəlxalq təşkilatı formaya salır - İƏT, Qoşulmama və TDT...
Abutalıb Səmədov: “Azərbaycan, bir çox məsələlərdə olduğu kimi, bu mövzuda da ilk lazımi addımı atdı”
Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil: "Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür".
Göründüyü kimi, İlham Əliyev TDT-nin təşkilatlanmasında yeni səhifə açır. Bu, Prezidentin ilk belə təşəbbüsü deyil. O, bundan əvvəl də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının da təşkilatması və daha effektiv fəaliyyəti üçün analoji addımları atıb. Azərbaycanın bu dəstəyini necə dəyərləndirmək olar?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyanın güc mərkəzlərini ciddi şəkildə narahat edən TDT-nin gücü durmadan artmaqdadır: “Təşkilata daxil olan dövlətlərin müxtəlif sahələri əhatə edən əməkdaşlığı durmadan genişlənir. TDT-nin iqtisadi inkişafı bəzi dairələri ciddi narahat edir. Bütün bunlara baxmayaraq, TDT-nin əsas aparıcı dövlətlərindən olan Azərbaycan təşkilatın güclənməsi istiqamətində ciddi addımlar atır. Burada Azərbaycan Prezidentinin ciddi təşəbbüslərlə çıxış etməsi tamamilə təbiidir. Çünki Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi daha çoxdur. Dünyanın ən nüfuzlu təşkilatlarından olan Qoşulmama Hərəkatı məhz Azərbaycan Prezidentinin sədrliyi dönəmində daha da inkişaf etdi. Məhz buna görə də İlham Əliyevin sədrlik dönəminin uzadılması ilə bağlı qərar qəbul edildi. TDT Naxçıvanda ərsəyə gəlib. Burada başlıca rolu Azərbaycan oynadı. Dövlət başçımız qarşıya qoyulan vəzifələri nəzərə alaraq Şuşada ciddi təşəbbüslə çıxış etdi. TDT-nın liderləri hər il görüşür. Yalnız görüşlər keçirməklə təşkilatı gücləndirmək qeyri-mümkündür. Bunun üçün mütləq mənada daimi fəaliyyət göstərən orqanların işinin gücləndirilməsinə ehtiyac var. TDT-nin katibliyi İstanbulda yerləşir. Kiçik heyətlə qarşıya qoyulan hədəflərə nail olmaq qeyri-mümkündür. Zirvə görüşlərində qəbul edilən qərarların icrasının təşkili lazımdır. Prezident buna görə TDT-yə vəsait ayırıb və bunun vacibliyini diqqətə çatdırıb. Çox güman ki, digər ölkələr də bu təşəbbüsə dəstək verəcəklər və onlar da katibliyin büdcəsinin artırılmasına öz töhfəsini əsirgəməyəcək. Son sammitdə diqqəti cəlb edən Orta Dəhlizin fəaliyyətinin gücləndirilməsi ətrafında müzakirələr aparıldı. Bu dəhliz üzərindən ciddi layihələr icra olunacaq. Müdafiə sahəsində əməkdaşlıq da olacaq. Katiblik var gücü ilə işləməsə təşkilatın işi funksional olmayacaq. Azərbaycan, bir çox məsələlərdə olduğu kimi, bu mövzuda da ilk lazımi addımı atdı. TDT-nin katibliyi böyük hədəfləri icra etmək gücündə olacaq ki, bu da təşkilatın nüfuzunu daha da artıracaq”.
Məhəmmədəli QƏRİBLİ