Türk dünyası üçün Nizamnamənin hazırlanması prosesi başladı...
Faiq Ələkbərli: “Nizamnamə sayəsində bir çox məsələlər dəqiqləşəcək, yaxın və uzaq hədəflərdə hansı işlərin həll olunması aydınlaşacaq”
İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada oldu. Məlum olduğu kimi, regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib.
Sammitdə iştirak edən Özbəkistan Prezidenti Türk dünyasının nizamnaməsinin yaradılması təşəbbüsü ilə çıxış edib.
Türk Dövlətləri Təşkilatının dövlət başçıları Özbəkistan Respublikasının təşəbbüsünü dəstəkləyir və Katibliyə Bişkekdə keçiriləcək növbəti Zirvə görüşündə qəbul edilməsi üçün sənəd layihəsinin yekunlaşdırılması tapşırığını verdilər.
“Türk Dövlətləri nizamnaməsinin yaradılması Təşkilatın həm regionda, həm də dünyada qarşısına qoyduğu hədəflərə çatması üçün vacibdir”
Türk Dövlətlərinin Nizamnaməsinin yaradılmasının əhəmiyyəti haqqında danışan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən sammiti olduqca önəmlidir: “Həmin sammitdə türk dövlətlərinin bugünü və gələcəyi ilə bağlı məsələlər müzakirə olunub. Xüsusilə Özbəkistan prezidentinin səsləndirdiyi Türk dünyasının nizamnaməsinin yaradılması təşəbbüsü olduqca təqdirəlayiqdir. Belə bir nizamnamənin yaradılması təşkilatın qarşısına qoyduğu hədəfləri həyata keçirmək baxımından əhəmiyyətlidir. Nizamnamənin yaradılması Türk Dövlətləri Təşkilatının həm regionda, həm də dünyada qarşısına qoyduğu hədəflərə çatması üçün vacibdir. Onu da deyim ki, nizamnamə sayəsində bir çox məsələlər dəqiqləşəcək, yaxın və uzaq hədəflərdə hansı işlərin həll olunması aydınlaşacaq. Növbəti sammitə qədər nizamnamənin ilkin variantının yaradılması gözlənilir. Hesab edirəm ki, nizamnamədə mədəni, tarixi, siyasi, hərbi və digər məsələlər yer alacaq. Məlumdur ki, türk dövlətləri siyasi, iqtisadi, mədəni əlaqələri özündə əks etdirir, ancaq dövrün tələbləri də nəzərə alınmalıdır”.
Günel CƏLİLOVA