Solçuların qələbəsindən sonra Fransanı iğtişaşlar bürüdü...
“Yeni xalq cəbhəsi” solçu koalisiyasının Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə qalib gəlməsindən sonra iyulun 8-nə keçən gecə ölkəni iğtişaşlar bürüyüb.
Bütün Fransada keçirilən müxtəlif nümayişlər zamanı azı 25 nəfər həbs edilib, bir neçə polis əməkdaşı yaralanıb.
Həbslər Renn şəhərində antifaşist şüarların səsləndirildiyi Müqəddəs Anna meydanında insanların toplantısı zamanı baş verib.
Nantda polisin iğtişaşlara nəzarət etmək üçün gözyaşardıcı qazdan istifadə etdiyi şəhər mərkəzində minə yaxın adamın iştirakı ilə keçirilən nümayiş zamanı bir polis məmuru alışan kokteyl atılması nəticəsində ikinci dərəcəli yanıqlar alıb. Buna cavab olaraq etirazçılar polisə fişənglər və butulkalar atmağa başlayıblar. Fəallar mağaza və kafeləri, avtobus dayanacaqlarını dağıtmağa başlayıblar.
Polisin təxminən 8000 nəfərlə toqquşduğu, qrupların təhlükəsizlik qüvvələrinə mərmi atdığı və vandallıq etdiyi Parisdəki Respublika meydanında da toqquşmalar olduğu bildirilir.
“Yeni xalq cəbhəsi” tərəfdarlarının Jan Jores meydanında toplaşdığı, təhlükəsizlik qüvvələri ilə də toqquşmaların yaşandığı Marsel küçələrinə daha 5 min adam çıxıb. Bundan əlavə, Lion küçələrində çoxsaylı vandalizm və qarət faktları qeydə alınıb.
ZÜMRÜD