Azərbaycan və Ermənistan spikerləri Cenevrədə görüşəcəklər...
Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrda Cenevrədə Azərbaycan Milli Məclisinin sədri ilə görüşəcək.
Trend xəbər verir ki, bu barədə Simonyanın köməkçisi Movses Arutyunyan erməni KİV-ə açıqlamasında bildirib.
Əvvəlki görüşdə əldə olunmuş ilkin razılığa əsasən, Alen Simonyan və Milli Məclisin sədri arasında növbəti görüş noyabrda Cenevrədə baş tutacaq.
Qeyd edək ki, bu ilin martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.
Mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.