Nəsibi şəhidlik zirvəsindən boylamaq səadəti olan igid...
Şəhidlik ən uca zirvədir. Vətən, torpaq yolunda bu zirvəyə ucalanlar heç zaman ölmürlər. Şəhidlər milyonların ürəyində özünə yurd-yuva qurmaqla əbədi ömür qazanırlar. Məhz İqbal Əhmədağa oğlu Bayramovun da nəsibi şəhidlik zirvəsindən boylamaq səadəti oldu...
Adında bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan İqbal Bayramov 1977-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində dünyaya göz açıb. 1998-2004-cü illərdə hərbi xidmətdə yollanan İqbal Vətəninə ləyaqətlə xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində baş leytenant hərbi rütbəsində tağım komandiri vəzifəsində çalışıb. Daha sonra Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam edib. 2011-ci ildə mayor hərbi rütbəsi alıb və qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Onu Vətənini sevən bir zabit kimi Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissələrinə göndəriblər. Xidmət etdiyi müddətdə yalınız təmiz ürəkli, vicdanlı, qeyrətli bir Vətən oğlu olaraq tanınıb, sevilib. 5 yanvar 2018-ci ildə Daxili Qoşunların sıralardan ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov 14 yanvar mayor hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. İştirak etdiyi bütün ağır müharibə meydanlarında rəşadət nümunəsi göstərib. Erməni dığalarına yaxşı qan uddurub, mərdliyi, qəhrəmanlığı nümunə olub. Oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycan ordusunun mayoru İqbal Bayramov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin, Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif edilib. Həmçinin onun adını özündə yaşadan digər yadigarlar da indi çoxdur.
Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızın qalib şəhidi İqbal Bayramovun 47 yaşı tamam oldu. Lənkəranlılar onun məzarını ziyarət edib, ehtiram əlaməti olaraq üstünə gül dəstələrini qoydular.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü