Çinin "BYD" şirkəti Azərbaycana görə qalib oldu...
Aslan Əsədov: “Bakı şəhərində az enerji sərf edən ictimai nəqliyyata ehtiyac var”
Çinin ən böyük avtomobil istehsalçısı olan “BYD” konqlomeratı sosial şəbəkələrdə 160 ədəd 12 metrlik K9UD elektrik avtobuslarının Azərbaycana tədarükü üçün tenderin qalibi olduğunu rəsmən elan edib. Iyulun 4-də “Gasgoo” nəşrinin saytında dərc olunmuş məqalədə qeyd olunur ki, elektrobusların dövlət satınalınması üzrə tenderdə qalib gələn “BYD” şirkəti elektrik avtobuslarını bir neçə partiya ilə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, ilk tədarüklər artıq bu ay həyata keçiriləcək.
Maraqlıdır, Azərbaycana gələcək 12 metrlik elektrik avtobusları nəqliyyat sektorunda yaşanan problemləri həll edəcəkmi?
“Əsas məqsəd ekosistemin yaxşılaşdırılması, əhalinin sağlamlığı və atmosferə buraxılan karbon qazının miqdarının azaldılmasıdır”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uzun ölçülü, elektrikli avtobusların ölkəyə gətirilməsi müsbət hadisədir. Gətiriləcək avtobuslar bir neçə xətt, istiqamət üzrə buraxılacaq: “Hesab edirəm ki, elektrobusların sayının artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində az enerji sərf edən ictimai nəqliyyata ehtiyac var. Bu cür nəqliyyat vasitələrinin sayının çox olması ekologiyanın təmiz olmasına səbəb olacaq. Eyni zamanda, elektriklə işləyəcək nəqliyyat vasitələrinin texniki sazlığı, müasirliyi, komfortu da yüksək səviyyədə olacaq. Burada əsas məqsəd ekosistemin yaxşılaşdırılması, əhalinin sağlamlığı və atmosferə buraxılan karbon qazının miqdarının azaldılmasıdır. Elektrik mühərriki ilə işləyən avtomobillər digərləri ilə müqayisədə 70-80 faiz daha qənaətcil olurlar”.
Həmsöhbətimiz hesab edir ki, uzun ölçülü avtobuslar Bakı şəhərinin qəsəbələrində hərəkət edə bilər. 12 metrlik K9UD elektrik avtobusları uzaq məsafəyə təyin oluna bilər, ya da paytaxtın həndəsi ölçüsü böyük olan küçə və prospektlərində hərəkət edəcək. Bu cür avtobusların dönmə manevrlərinin sərbəst hərəkəti üçün dar olmayan yollarda, küçələrdə fəaliyyət göstərməsi məqsədəuyğundur.
Günel CƏLİLOVA