Dünyanın nadir tropik bitkiləri Astaraya gətirilir
Respublikamızın cənub qapısı, iqlim şəraiti hər cür mer-meyvə yetişdirməyə imkan verən Astara rayonunda 130 hektar sahədə yeni bağ salınır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 1 milyon manat güzəştli kredit ayrılıb.
İlk gündən işlər sürətlə və keyfiyyətlə görülür. Artıq bağda soyuğa davamlı 3 növ banan tingi əkilib. Mütəxəssislərin fikrincə, Astara torpağında bu meyvə daha yaxşı məhsul verə bilər. Bundan ötrü təsərrüfatda qurulan müasir sistem vasitəsilə açıq havada əkilən banan, manqo və avokado ağaclarını şaxtadan qorumaq tam şəkildə mümkün olacaq.
Daha iki tropik meyvə - pitaya və papayanı isə istixana şəraitində yetişdirmək nəzərdə tutulub. Bu məqsədlə artıq tikinti işlərinə start verilib. İstixananın tikintisi təqribən 2 ay müddətində başa çatar, burada dediyim meyvələrin tinglər əkiləcək. Əkinin düzgün aparılması üçün bütün hazırlıq işləri düzgün yerinə yetirilir.
Layihənin tərkibində, həmçinin rayonun Şüvü və Deqədi kəndləri ərazisində 45 hektarda avokado, 10 hektarda yeni növ limon bağlarının salınması prosesi yekunlaşıb. Hazırda tinglərin tez boy verməsi üçün bütün aqrotexniki tələblərə vaxtında və düzgün əməl edilir.
Bəli, əsas odur ki, layihə uğurlu alınsa, respublikamızda tropik meyvə idxalından asılılıq minimuma enəcək, nəticədə ölkədən valyuta axınının qarşısı alınacaq. Mütəxəssislərin fikrinə gəldikdə isə, onlar layihənin effektivliyinə indidən belə çox inanırlar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü