Sevgisi Vətən olan Orxan doğum günündə anıldı...
Tariximizin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində Vətənin dadına çatan, yağı düşmənə qarşı son nəfəsə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Lənkəran şəhərində dünyaya göz açan Orxan Elxan oğlu Quluzadədir.
Şərəfli ölümü ilə xalqına, millətinə üzüağlıq gətirən qəhrəman Orxan ürəklərdə yaşamaqla kiçik də, böyük də adını qürurla çəkir, onu özünə iftixar mənbəyi bilirlər.
Bu günlər qalxdığı şərəf zirvəsində doğma Azərbaycana, onun torpağına ilahi bir sevgi yaşayan Vətən sevdalısı ömrünün 30 ilinə çatdı. Ehtiram əlaməti olaraq ölümsüzlüyə qovuşan qəhrəmanın doğum günündə Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov və təşkilat əməkdaşları yatdığı müqəddəs məzarına baş çəkdilər, ona təzə güllərdən çələng hördülər. Sonra boya-başa çatdığı halal ailə ocağına gəlib burada ailənin qayğı, sosial problemləri ilə maraqlandı və təşkilat tərəfindən hazırlanmış hədiyyəni şəhidin ev muzeyinə xatirə kimi hədiyyə etdilər. Çıxış zamanı Əlövsət Qurbanov bildirdi ki, məqamında torpağa, Vətənə canını fəda edən hər bir insan şəhiddir, ucaldığı məkan əlçatmaz zirvədir. Orxanın nəsibi də Vətən səmasından boylamaq səadəti oldu. Məhz buna görə ömür yolu qısa olsa da, şərəfli, örnək sayılası və əbədidir.
O da məlum olsun ki, Lənkəranın qəhrəman oğlu Orxan Quluzadə uşaqlıqdan idmana, eləcə hərbi sənətinə böyük həvəs göstərib. O, bir müddət qaydasız döyüşlə məşğul olub. Qatıldığı yarışların çoxunda uğur qazanıb. Orta məktəbi bitirib canından artıq sevdiyi Vətənin keşiyinə yollanıb. Xidmətini kəşfiyyat bölüyünün manqa komandiri vəzifəsində ləyaqətlə yerinə yetirib, kiçik çavuş rütbəsində başa vurub. Vətənə sevgi, düşmənə nifrət ruhunda tərbiyə alan Orxan yenidən, yəni 2017-ci ildə hərbi xidmətə qayıdıb. Müharibə başlanan günü Dövlət Sərhəd Xidmətinin giziri birbaşa odun-alovun içinə atılıb, hər döyüşdə də düşmənə qan uddurub. Noyabrın 8-də Zəngilanda gedən ağır savaşda qəfil atılan yağı gülləsinə tuş gəlib, 26 yaşında ürəyi əbədi olaraq dayanıb. Göstərdiyi şücaətə görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və digər medallara layiq olunub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü