Trans-Xəzər nəqliyyat dəhlizi vahid komanda halını aldı - “Şanxaydan” çıxan səs...
Yəhya Babanlı: “Bu, layihənin ciddiliyini, dövlət, regional və beynəlxalq faydalılığını göstərir”
“Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk”. Bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı deyib.
Daha sonra ölkə başçısı bunları qeyd edib: “Müzakirə etdiyimiz və razılaşdırdığımız bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur. Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk. Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha geniş müzakirə ediləcək”.
Trans-Xəzər nəqliyyat marşrutu üzrə görülən işlərin vahid komanda şəklində fəaliyyət göstərməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Çin kimi nəhəng gücün layihədə iştirakı sayəsində marşrutun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlının fikrincə, bu marşrut təhlükəsizlik, sabitlik və rifah marşrutudur: “Bu görüş ikitərəfli və çoxtərəfli maraqların reallaşdırılması üçün olduqca əhəmiyyətlidir. Tərəflərin Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivlərini müzakirə etməsi layihənin ciddiliyini, dövlət, regional və beynəlxalq faydalılığını göstərir. Bu marşurut türk dünyasına, tarixinə, coğrafiyasına, birliyinə və həmrəyliyinə bir töhfədir. Xüsusilə iqtisadiyyatında mühüm önəm kəsb edir. Digər aidiyyəti ölkələrin də tərəqqisinə müsbət təsir göstərəcək təhlükəsizlik, sabitlik və rifah marşrutudur. Qədim yolun müasir göstəricisidir. Prezidenin ifadə etdiyi vahid komandanın məhz əlbirliyi marşrut xətti üzərindəki dövlətlərin sağlam tərəfdaşlığına işarədir. Gələcək əməkdaşlığın məqsədyönlü nəticəsindən xəbər verir. İstər Türkiyə, istərsə də Gürcüstan bu layihənin lokomotiv ölkələri kimi etibarlıdır. Bu da effektiv və pozitiv irəliləyişə səbəb olacağına ümid və inam yaradır. Çin kimi nəhəng gücün layihədə iştirakı sayəsində Trans-Xəzər Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq. Ona görə də layihə çərçivəsində iştirakçı tərəflərin vahid komanda şəklində iştirakının əhəmiyyəti böyükdür”.
Vidadi ORDAHALLI