Bakıda hotellərdə 2-3 milyona mənzil alanların böyük sirri var imiş...
Elnur Fərzəliyev: “Hotel mənzilləri investisiya baxımından sərfəlidir”
Azərbaycanda son illər hotellərdən mənzil alanların sayı artıb. Bəzi hotellər sonuncu mərtəbələrdəki otaqları mənzil kimi satışa çıxarırlar. Qeyd edək ki, bu hal xarici ölkələrdə geniş yayılmışdı. Iş adamları daha çox hotellərdən mənzil alırdı. Artıq ölkəmizdə də hotellərdən mənzil alanların sayı artır.
Qeyd edək ki, hotellərdə satışa çıxarılan mənzillərin qiyməti 2 milyon manatdan başlayır.
Maraqlıdır, hotel mənzillərinin üstünlüyü nədir? Hotel mənzillərinin cəlbediciliyi nədir ki, alıcılar yüksək qiymətə ordan mənzil alır?
“Paytaxtdakı böyük hotellərdə satışa çıxarılan mənzillər vətəndaşlara aylıq yüksək gəlir gətirir”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, paytaxt Bakı və bölgələrdə hotellərdən mənzil alanların sayı artıb: “Bu, xarici ölkələrdə daha çox yayılıb. Belə ki, Avropa və digər ölkələrdə daşınmaz əmlakların satışını həyata keçirən şirkətlər yüksək gəlir gətirən hotellərin nömrəsini satışa çıxarır. Məşhur hotellərdə satışa çıxarılan mənzillərin qiyməti bir neçə milyon manatdan başlayır”.
Həmsöhbətimiz bildirdi ki, hotellərin özləri mənzil satışında maraqlıdır. Belə ki, hotellərin aylıq gəliri təxminən bir neçə min manat olur. Bu səbəbdən də nömrələrin mənzil kimi satışa çıxarılması daha sərfəlidir: “İnvestorlar hotellərdəki mənzilləri əmlak sahibləri üçün kredit şərtləri ilə satışa çıxarırlar. Satışa çıxarılan əmlakların böyük bir hissəsi kreditli şərtlərlə satılır. Kreditin bir hissəsini alıcı ödəyir, digər hissəsini isə həmin hoteldən gələn gəlirlə bağlamaq mümkün olur. Paytaxtdakı böyük hotellərdə satışa çıxarılan mənzillər vətəndaşlara aylıq yüksək gəlir gətirir. Həmçinin, həmin mənzillər investisiya baxımından da sərfəlidir. Həmin əmlakların satış qiyməti bir neçə ildən sonra daha yüksək olur. Azərbaycanda daşınmaz əmlak hər il ortalama 10 faiz dəyər qazanır”.
Günel CƏLİLOVA