Çinlilərin Azərbaycana bir il vizasız gəlişi - pul itkisi, ya böyük siyasi dividend?..
Elşad Məmmədli: “Vizasız rejimin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq”
“Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək”. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir.
Bildirilir ki, tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazırdır. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.
“Bu, Azərbaycan iqtisadiyyatında yüksək texnoloji tutumlu seqmentin sürətlənməsinə şərait yaradacaq”
Azərbaycanın Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq etməsi barədə fikir bildirən iqtisadçı Elşad Məmmədli “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Çinlə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi ölkəmizin milli maraqlarına xidmət edir. Çin dünya iqtisadiyyatının lokomotividir. Hazırda əmək resurslarında Çin kifayət qədər təcrübəlidir. Çin vətəndaşlarının vizasız Azərbaycana gəlməsi olduqca əhəmiyyətlidir. Vizasız rejimin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq. Bu, Azərbaycan iqtisadiyyatında yüksək texnoloji tutumlu seqmentin sürətlənməsinə şərait yaradacaq. O cümlədən, əmək resursları mübadiləsində də müvafiq əməkdaşlığın dərinləşməsinə ehtiyac var. Bu, iqtisadiyyatın real sektorunun inkişafına müsbət təsir edəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Çin vətəndaşlarının bir il müddətinə Azərbaycana vizasız gəlməsi turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Həmçinin, bu qayda Çinlə Azərbaycan arasında siyasi münasibətlərin inkişaf etməsinə səbəb olacaq.
Günel CƏLİLOVA