Lukaşenko Qərbin qlobal təhlükəsizliyi formalaşdıra bilmədiyini deyir - çoxluq ölkələri bunu etməlidir...
Belarus prezidenti Aleksandr Lukaşenkonun fikrincə, Qərb qlobal təhlükəsizliyi formalaşdırmaq iqtidarında deyil, bu səbəbdən bu öhdəliyi qlobal çoxluq ölkələri öz üzərlərinə götürməlidir.
Trend xəbər verir ki, Lukaşenko bu barədə Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.
"Dərindən inanırıq ki, XXI əsrdə həqiqi və bölünməz qlobal təhlükəsizlik formalaşdırmaq lazımdır. Bu zaman qlobal çoxluq ölkələri təşəbbüsü öz üzərlərinə götürməlidir, çünki xudpəsənd, eqoist Qərb buna qadir olmadı. Bu gün orada məsuliyyətli qərarları sərbəst şəkildə qəbul etməyi bacaran liderlər yoxdur", - o deyib.
Lukaşenko həmçinin əlavə edib ki, Belarus öz təşəbbüslərini tərəfdaşları üçün qlobal təhlükəsizliyin ən aktual sahəsinə uyğunlaşdırmağa çalışacaq.