Polis Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiasını araşdırdı - iş prokurorluğa göndərildi
Paytaxtın Yasamal rayonunun Əlibəy Hüseynzadə küçəsində A.Quliyevaya məxsus evin qanunsuz sökülməsi ilə bağlı polis idarəsində müvafiq araşdırmalar aparılmaqla aidiyyəti üzrə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 30-da 00:30 radələrində evin qapısının sındırılması, fəhlələr, həmin şirkətin vəzifəli şəxsləri tərəfindən ev sahibəsinin məcburi formada evdən çıxarılması, daha sonra traktorla əşyaları içində ola-ola evin qəsdən sökülməsi, külli miqdarda maddi ziyan vurulması və onun sağlamlığına xəsarətlər yetirilməsi üzrə polisə daxil olan müraciət üzrə bütün xüsuslar araşdırılmaqla müvafiq ekspertizalar təyin edilib.
Araşdırma zamanı həmin şirkətin rəhbər və işçiləri, şikayətçi xanım polis bölməsinə dəvət ediliblər. Polis əməkdaşları tərəfindən bütün xüsuslar üzrə tərəflərin izahatları alınıb, sübutlar toplanılmaqla zəruri tədbirlər icra olunub.
Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Məlumatda qeyd edilir ki, polis əməkdaşları tərəfindən şikayətçiyə təzyiq göstərilməsi barədə iddialar həqiqəti əks etdirmir. Hadisə baş verən vaxt polis əməkdaşları ərazidə olmayıblar, yalnız müraciətdən sonra onlar əraziyə yaxınlaşaraq tərəflər arasında mübahisəni dayandıraraq araşdırılması üçün onları polis bölməsinə dəvət ediblər.
ZÜMRÜD