30 il sonra doğma yurdunda qalıqları dəfn olundu... Müşfiq Cəfərov
Dağlar diyarı Lerikdə Birinci Qarabağ müharibəsində Vətəni naminə hər an canından keçməyə hazır olan, qanlı döyüşlər zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılaraq dəfn edilən Müşfiq Cəfərovun 40 mərasimi keçirilib.
YAP Lerik Rayon Təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qəmbərov, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri tərəfindən ölümsüzlüyə qovuşan qəhrəmanın məzarı ziyarət edilib, önünə təzə güllərdən çələng hörülərək, əziz xatirəsi ehtiramla anılıb.
Müşfiq İlyas oğlu Cəfərov1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən ölüm-dirim savaşına qatılıb. Daha sonra ondan heç bir xəbər olmur və itkin düşmüş sayılır. Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. 2024-cü ildə şəxsiyyəti müəyyən edilərək doğulub boya-başa çatdığı Lerik rayonu, Monidigah kəndində həyatı dərk edəni sevdalandığı torpağa tapşırılıb.
Öz oğlunun hünərinə və qeyrətinə bələd olan monidigahlılar onun xatirəsini əziz saxlamaqla uyuduğu müqəddəs məzarı önündə baş əyirlər.
Bəli, torpaq uğrunda ölən varsa, Vətəndir! Elə 44 günlü haqq savaşımızda qəhrəman Vətən sevdalıları qanları bahasına 30 ilə yaxın düşmən tapdağında olan torpaqları Vətən etdilər. Bir də Vətən, torpaq yolunda şəhid olanlar heç vaxt ölmürlər. Milyonların ürəyində yaşamaqla əbədilik qazanırlar. Şəhidlərin müqəddəs ruhları Vətənin göylərində, ən uca zirvələrdə dolaşır, o cümlədə Müşfiq Cəfərovun da...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü