Məktəblərdə adambaşına maliyyələşməyə keçirik - təhsili nə gözləyir...
“İlin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir deyib ki, bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq".
Maraqlıdır, adambaşı maliyyələşmə nədir? Bu, təhsilin keyfiyyətinə necə təsir edəcək?
Nizami Hüseynov: “Adambaşına maliyyələşmə olduqdan sonra əməkhaqqı artımı olacaq, bu da birbaşa tədris prosesinə təsir edəcək”
Təhsil məsələləri üzrə ekspert Nizami Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, adambaşına maliyyələşmə sistemində şagird sayına görə dövlət tərəfindən müvafiq ödəniş ayrılacaq və həmin ödəniş hesabına müəllimlərin əməkhaqqı hesablanacaq: “Müəllim auditoriyada neçə şagirdə dərs deyəcəksə, şagird sayına görə vəsait ödəniləcək. Məlumat üçün bildirim ki, bu, pilot layihə kimi 100 məktəbdə başladılacaq. Bu layihə özünü doğrultsa, zamanla digər orta məktəblərin hər birində tətbiq olunacaq. Müəllimlərin əməkhaqqında artım olacaq. Belə olan halda, müəllimlər çalışacaqlar ki, yüksək məvacib aldıqları üçün dərsləri sinifdə öyrətsinlər”.
Ekspert hesab edir ki, repetitorluq zamanla ləğv olunacaq. Bu istiqamətdə atılan addımlar arasında adambaşına maliyyələşməyə keçid tədricən repetitorluğa marağı azaldacaq: “Müəllimlər çalışacaqlar ki, yüksək məvacib aldıqları üçün dərsləri sinifdə öyrətsinlər. Bəziləri öz bilik və bacarıqlarını dərs prosesində şagirdlərə öyrətmir ki, bu da xoşagəlməz hal yaradır. Amma adambaşına maliyyələşmə olduqdan sonra əməkhaqqı artımı olacaq, bu da birbaşa tədris prosesinə təsir edəcək”.
Elmin Nuri: “Ölkəmizdə bu sistemin tətbiqi müəyyən dəqiqləşmələrə səbəb olacaq”
Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, adambaşına maliyyələşmə dünyanın bir çox ölkəsində tətbiq olunan yeni sistemdir: “Məktəbdə təhsil alan şagirdlərin bütün illik xərci hesablanır, onların sayına bölünür və məktəbə maliyyə ayrılması bu prinsipə uyğun həyata keçirilir. Burada kəmiyyət müstəvisində şəffaflığı qorumaq mümkündür. Ölkəmizdə bu sistemin tətbiqi müəyyən dəqiqləşmələrə səbəb olacaq”.
Ekspert onu da əlavə etdi ki, adambaşına maliyyələşmə ilə bağlı bəzi normativlər müəyyən olunmalıdır: “Müəyyən olunmalıdır ki, adambaşına nə qədər xərc düşür. Hədəf Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılmasıdır və bu proses qaçılmazdır”.
Günel CƏLİLOVA