“Ya Qərbi azərbaycanlılar da qayıdır, ya da ermənilər Qarabağa qayıda bilməz” - belə qəti hökm olmamışdı...
Elşad Musayev: “Onlara hansısa güzəştdən söhbət belə gedə bilməz”
Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bunu Prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən onun qayıdış hüququ ilə əlaqədar şərhinə cavabında deyib.
Prezident keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla, müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.
Göründüyü kimi, bu məsələdə Azərbaycan öz qəti mövqeyini və şərtlərini ortaya qoyur. Yəni Qarabağ ermənilərinin geri dönüşü yalnız qarşılıqlı şəkildə mümkündür.
“Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqları təqdirdə Qarabağ erməniləri geri qayıda bilər”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycanın bu məsələdə prinsipial mövqe sərgiləməsini müsbət dəyərləndirdi: “Məlum olduğu kimi, ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra Qarabağdakı etnik ermənilər könüllü şəkildə Xankəndi və digər yaşayış məntəqələrini tərk ediblər. Onlar əvvəl Ermənistana getdilər və daha sonra həmin ermənilərin bir qismi Rusiyaya köçdü. Ancaq məsələ ondadır ki, onların geri qayıtma məsələsini özlərindən daha çox ermənilərin arxasında dayanan məkrli dairələr qabardır. Qarabağdan gedən ermənilərin çoxu qayıtmaq barədə bir şey demir, amma daha çox Azərbaycanın əleyhinə olan dairələr bunu qabardırlar. Bundan müəyyən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Təbii ki, belə olan halda bunlara da cavab verilməlidir. Ümumiyyətlə, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqları olub. Bizim dədə-baba torpaqlarımızdan təqribən 4 dəfə böyük deportasiya olub. Belə ki, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə deportasiyalar həyata keçirilib. Sonuncu deportasiya nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadı. O baxımdan haqlı olaraq bu məsələni qaldırırıq və azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasının vacibliyini gündəmə gətiririk. Biz siyasi partiya olaraq dəfələrlə bu səpkidə tədbirlər keçirmişik. Hesab etmişik ki, alternativ variant olaraq mütləq bu, şərt olaraq irəli sürülməlidir və tarixi ədalət bərpa olunmalıdır. Həm də indiki Ermənistan ərazisində olan toponimlərin adları dəyişdirilib. Bizim tarixi abidələrimiz, mədəni irsimiz darmadağın edilib. O üzdən haqlı olaraq Prezident Əliyev müxtəlif görüşlərdə bu məsələni gündəmə gətirir. O baxımdan bu məsələ hamı tərəfindən dəstəklənməlidir. Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqları təqdirdə Qarabağ erməniləri geri qayıda bilər. Başqa onlara hansısa güzəştdən söhbət belə gedə bilməz. Doğru olan da budur”.
Vidadi ORDAHALLI